Dərs yoxsa “layk” yarışı? - Şagirdlərlə video çəkən müəllimlərlə bağlı araşdırma başlayır

Dərs yoxsa “layk” yarışı? - Şagirdlərlə video çəkən müəllimlərlə bağlı araşdırma başlayır
SOSİAL
15:14 27.01.2026
450
Türkiyədə Təhsil Nazirliyinin sosial mediada şagirdlərlə çəkilən videolarla məşhurlaşan müəllimlərə qarşı araşdırmaya başlaması regionda geniş müzakirələrə səbəb olub. Araşdırmaya cəlb olunan müəllimlərdən biri də Türkiyədə ingilis dili müəllimi kimi fəaliyyət göstərən azərbaycanlı Səma İbrahimovadır. Məlumata görə, araşdırmanın başlanmasına onun dərs zamanı uşaqların qarşısına uyğunsuz geyimdə çıxması səbəb olub.

Sözügedən məsələ müəllimlərin dərs prosesində şagirdlərdən "kontent” məqsədilə istifadə etməsinin nə dərəcədə doğru olduğu sualını aktuallaşdırıb. Bu kontekstdə Azərbaycanda da bəzi müəllimlərin dərs zamanı şagirdləri çəkərək sosial şəbəkələrdə paylaşması etik və pedaqoji baxımdan mübahisələr doğurur.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu məsələyə biganə yanaşmaq olmaz:

"Bu məsələyə laqeyd qalmaq düzgün deyil. Müəllimin də, şagirdin də bütün diqqəti dərsə və tədris prosesinə yönəlməlidir. Diqqət başqa məsələlərə yayınmamalıdır. Əgər müəllim şagirdlə fərdi qaydada məşğul olursa və ya əlavə dərs keçirilirsə, motivasiya və təşviq məqsədilə video çəkilişi mümkün ola bilər. Lakin əsas dərs prosesində müəllimin diqqəti ‘layk’ toplamağa yönəlməməlidir. Müəllimin əsas vəzifəsi tədrisdir”.


Deputat müəllimlərin dərs zamanı telefondan istifadəsi məsələsinə də yenidən baxılmasının vacibliyini vurğulayıb:

"Düşünürəm ki, müəllimlərin dərs zamanı telefondan istifadəsinə ciddi yanaşılmalıdır. Bu gün dünyanın bir çox ölkəsində bu cür yanaşma tətbiq olunur. Təəssüf ki, bəzi müəllimlər telefondan düzgün olmayan formada istifadə edirlər ki, bu da yolverilməzdir. Müəllim dərs zamanı əsas hədəfini unutmamalı, diqqətini yalnız tədris prosesinə yönəltməlidir. Müəllim şagirdlərdən ‘layk’ toplamaq üçün istifadə etməməlidir. İstər orta məktəb, istərsə də ali təhsil səviyyəsi olsun, bu prinsip dəyişmir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR