"Deyirəm bəsdir şou göstərdik səhnədə, şoularımız ilə aldatdıq cəmiyyəti. Deyirəm bəlkə vaxtı çatıb, deyək həqiqəti?!" Hüseyn Dərya "Can, Vətənim" adlı yeni klipini bu sualla başlayır.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycanın məşhur repçisi Hüseyn Dəryanın vətənpərvər ruhda ərsəyə gətirdiyi "Can, Vətənim" klipi artıq tamaşaçıların ixtiyarına verilib. Klip sözləri və musiqisi istedadlı repçinin özünə aid olan "Can Vətənim" adlı mahnısına çəkilib. Klipin rejissoru da elə Hüseyn Dəryanın özüdür. Klipdə xalq artisti, tarzən Ramiz Quliyev və xanəndə Cabir Abdullayev yer alıblar.
"Qanlar hesabına alınan Vətənimiz Azərbaycanın müstəqilliyi uğrunda vuruşmaq hər bir azərbaycanlının müqəddəs borcudur! Ey azərbaycanlıyam deyən, dərk elə. Ya bu Vətəni sev, ya da tərk elə!" Hüseyn Dərya klipin sonunda bu şüarlarla azərbaycanlılara səslənib.
İnanırıq ki, vaxtilə "Kef elə" klipi ilə böyük pərəstişkar ordusu toplayan Hüseyn Dərya, vətənpərvər layihələri ilə gənclərimizdə vətən sevgisini daha da gücləndirəcək.