Anxel Di Mariya Joze Mourinyonun karyerasında rolundan danışıb
AZXEBER.COM xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Real Madrid”də çıxış etdiyi dövrdə portuqaliyalı mütəxəssisin verdiyi qərarın karyerasına böyük təsir göstərdiyini bildirib.
"Mourinyo ilk dəfə məni sağ cinahda oynatdı, çünki solda Kriştianu çıxış edirdi. Bu, ən düzgün qərar idi. Mən özümü tapdım və karyeramı həmin mövqedə davam etdirdim”, – deyə Di Mariya qeyd edib.
Onun sözlərinə görə, Mourinyo oyunçularından maksimum fədakarlıq gördükdə daim onları dəstəkləyib: "O, əla məşqçidir və bizdən 100 faiz səy göstərməyimizi tələb edirdi”.
Di Mariya əlavə edib ki, "Kamp Nou”da 0:5 hesablı məğlubiyyətdən sonra Mourinyo yalnız fiziki üstünlüyün "Barselona”ya qalib gəlmək üçün çıxış yolu olduğunu vurğulayıb: "Məhz buna görə də Kral Kubokunun finalı çox çətin keçsə də, qələbə qazandıq. Mənim isə argentinalı olaraq yeganə qorxum Messi idi. Onu zədələmək istəmirdim, amma həlledici anda onun əks-hücumunu dayandırmaq üçün meydandan qovulmaq riskinə getdim”.