Bu gün iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə dialoqun keçirilməsinin zəruriliyi vurğulanmaqla, yaxın zamanda aktivləşdirilməsi qeyd olunub.
Görüşlə bağlı fikirlərini AZXEBER.COM-a şərh edən millət vəkili Asim Mollazadə bildirib ki, dilaoq çərçivəsində keçirilən görüşlərdə bir sıra mühüm məsələlər müzakirə olunacaq:
“Gələn görüşlərdən əvvəl müzakirə olunacaq mövzularla bağlı hazırlıq keçiriləcək. Formatda dəyişiklik olmayacaq. Bu günki görüşdə bir neçə məsələ müzakirə olundu. Ölkəni, cəmiyyəti maraqlandıran bütün məsələlər gələcək görüşlərdə müzakirə mövzusu olacaq. Mənə elə gəlir ki, dialoqda digər siyasi partiyalar da iştirak etməlidir və öz təkliflərini irəli sürməlidirlər. Dialoq çərçivəsində keçirilən görüşlərdə ölkə üçün taleyüklü məsələ olan Qarabağ problemi, qarşıda keçiriləcək seçkilər prosesi, medianın vəziyyəti, insan hüquqları məsələləri gələcəkdə keçiriləcək görüşlərdə müzakirə mövzusu olacaq. Belə mütəmadi görüşlər ölkənin siyasi sisteminin formalaşmasına xidmət edəcək”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqu ilə bağlı deyib ki, bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır: “ İki ay bundan əvvəl biz siyasi partiyalarla ilk görüşümüzü keçirdik və gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik. Hazırda hakimiyyətlə ona müxalif mövqedə olan siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. Çünki bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bugünkü və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir. Mən əminəm ki, burada siyasi partiya sədrləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz görüşdən-görüşə o məsələləri müzakirə edib, bəlli bir fikrə gələcəyik".
Məlumat üçün qeyd edək ki, dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.
Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak edirlər.
Orxan