Əslində Azərbaycan diasporunun lobbiçiliyə doğru addımlaması, bunun ən böyük bir hədəf kimi qarşıya qoyulması yenilik deyil və addım-addım da olsa, irəlidə görünən perspektivlər qaneedicidir.
Bu gün Londonda keçirilən mer seçkilərində mübarizə aparan 20 namizəddən biri də soydaşımız, 39 yaşlı hüquqşünas Kamran Balayevin olması bu mövzunu bir daha gündəmə gətirir və Azərbaycan diasporunun güclənməsinə, diaspor fəaliyyətinin görünməyən tərəflərinin uğurlarını sadalamağa imkan yaradır.
Qeyd edək ki, London meri uğrunda mübarizədə Kamran Balayev Leyboristlərlə Mühafizəkarların ənənəvi rəqabət səhnəsində çox ciddi rəqiblərlə üz-üzədir. Özünün də dediyi kimi, belə rəqabət şəriatində onun seçkidə qələbə qazanmaq şansı aşağıdır və seçkilərdə iştirakın yeganə məqsədi qələbə qazanmaq yox, özünü, təmsil etdiyin partiyanı və onun platformasını təqdim etmək, cəmiyyətə tanıtmaqdır.
Məsələyə Azərbaycan diasporunun maraqları baxımından yanaşdıqda isə bu iştirak ölkəmizin təmsilçiliyi, onun maraqlarının təqdim və müdafiə olunması baxımından böyük hadisədir, hətta Azərbaycan diasporunun 30 illik mücadiləsində lobbiçiliyin əsaslarını qoyan tarixi irəliləyişdir.
Yəni bir neçə il əvvələ qədər bir azərbaycanlının London meri uğrunda seçkilərə qatılmasını ağlımıza belə gətirə biməzdiksə, indi bunun canlı şahidi oluruq və bu templə bir neçə il sonra bir azərbaycanlını London meri postunda və ya Avropanın, Amerikanın mötəbər vəzifələrində görmək də artıq bizə yuxu kimi gəlməyəcək.
Soydaşlarımızın yaşadıqları ölkələrdə aktiv ictimai-siyasi fəalliyyətlə məşğul olması, siyasi proseslərdə fəallığı ilə bağlı hər gün xəbərlər alırıq. Lakin hələki bu hadisələri sıradan bir məlumat olaraq qəbul edib, gündəmə çevirmirik. Amma artıq qəbul edilməlidir ki, belə məlumatlar Azərbaycan diasporunu lobbiçiliyə doğru irəlilədir və hədəfə çatmaq üçün son illərdə, daha dəqiqi son 3 ildə bunun üçün möhkəm baza formalaşıb. Özü də həmvətənlərimizin daha çox sayda yaşadığı və iqtisadi, sosial bazası daha dərin olan MDB dediyimiz məkanda deyil,(hərçənd ki, bu məkanda da uğurlar böyükdür) Avropa və Amerikada...
Bir neçə gün əvvəl ABŞ-da Ramin Məmmədovun ABŞ Konqresinin Nümayəndələr Palatası üzvlüyünə seçkilərdə iştitrakı xəbəri böyük qürur hissi yaradır.
İyunun 13-də Finlandiyada keçiriləcək yerli bələdiyyə seçkilərində isə Helsinki şəhərində yaşayan soydaşımız, "Azər–türk" Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın namizədliyi Uusimaa vilayətinin Kirkkonummi icmasının bələdiyyə seçkilərində qeydə alınıb.
Soydaşlarımızın yaşadıqları ölkəniin siyasi həyatında iştirakından danışarkən Kanadadakı Azərbaycan icmasının – Kanada Azərbaycanlıları Şəbəkəsinin ölkənin xarici işlər naziri ilə ard-arda keçirdiyi görüşləri və Vətənimizi narahat edən məsələləri gündəmə gətirməsi, Toronto merinin icmamızın tədbirlərinə qatılması xüsusi vurğulanmalıdır. Eyni zamanda, bu il ABŞ-ın bir sıra ştat və şəhərlərində bir-birinin ardınca 26 fevral tarxinin Xocalı qurbanlarının anım günü kimi elan edilməsi də bu uğurlar silsiləsindəndir.
Təbii ki, bu, siyasi əhəmiyyətə malik hadisələr təsadüfdən deyil, aparılan ardıcıl fəaliyyətdən qaynaqlanır.
MDB və qardaş Türkiyədə bir az da irəli getmişik, desək yanılmırıq. Çünki ötən ilin noyabrında Ukraynada şəhər və vilayət şuralarına 10 nəfər azərbaycanlı deputat seçilib. Təxminən bir o qədər həmyerlimiz Rusiyanın yerli özünüidarəetmə orqanlarında təmsil olunur.
Bu ilin fevral ayında azərbaycanlı professor, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin rəhbəri Aygün Attarın Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına üzv təyin edilməsi də bu istiqamətdəki görünməyən uğurlarımızın davamıdır.
Deməli, yenə də təsdiqlənir ki, lobbiçiliyə aparan yol diaspor təşkilatlanmasının effektiv formada davam etməsindən, koordinasiya işini düzgün qurmaqdan və strateji məqsədlərin diaspor fəalları arasında lazımı səviyyədə təbliğ edilməsindən keçir...