Dil… Dil… Dil…

Dil… Dil… Dil…
KÖŞƏ
15:17 05.07.2014
1682

 Natiq Məmmədli

Dövlətin rəsmi dilində yalnız işğalçılar və həmin ölkəyə gələn qonaqlar danışa bilmirlər. Azərbaycan dilində höccələyə-höccələyə danışanları və yaxud da Azərbaycan haqqında başqa dildə fikirləşənləri görəndə düşünürəm – bu adamlar işğalçıdı, yoxsa qonaq?  Söhbət ana dilindən gedir. Azərbaycan türklərinin danışdığı əsas dil indi hansı vəziyyətdədir - sualı ətrafında ümumi söhbətləri çox eşidirik. İrili-xırdalı QHT-lərin kağız üzərində həyata keçirdikləri layihələr, eyni adamların «çevir tatı, vur tatı» meydanına döndərdikləri dəyirmi masalar hamısı maarifləndirməyə hesablanıb. Soruşan lazım, bu cəmiyyətin qanmazlıq əmsalı intellektual əmsalını nə boyda üstələyib ki, neçə illərdir maariflənib qurtara bilmir. Bəlkə o vətəndaş cəmiyyəti sevdalılarının, o dəyirmi masa “generalları”nın özlərini maarifləndirmək lazımdı?  Yenə təkrar edirəm, söhbət ana dilindən gedir. AzTV-də ayda iki dəfə «Azərbaycan dili» verilişini aparan Nizami Cəfərovun sözləri ilə desək, «dil təfəkkür məsələsidir». Deməli, miqyas çox böyükdür. Bunun üçün nəsə bir ipucu gözləməyə ehtiyac qalmır. İp ucu demişkən, götürək elə bu ilki buraxılış siniflərinin imtahanlarını. Mən iyunun 26-da «facebook»da belə bir status yazmışam: «Bu ilki buraxılış siniflərinin «Ana dili» fənnindən aldığı qiymətlər belədi - 22.431 IX sinif şagirdindən 9976-sı “Ana dili”dən “3”, 6481-i isə “2” alıb. 17.165 XI sinif şagirdindən 6397-si “Ana dili”ndən “3”, 3312-si isə “2” alıb. İndi bildiniz niyə bədii kitabların tirajı 500-dən çox deyil? İndi bildinizmi, bizdə niyə kitab oxumurlar?» İyulun 3-də isə paylaşdığım status belədi: “«Öz ana dilində danışa bilməyən adamı əclaf adlandırmaq lazımdı». Bu gün də aktual olan bu sözləri Mirzə İbrahimov Nazim Hikmətlə birlikdə universitet tələbələri ilə görüşdə səsləndirib. Görüşdə Rəyasət Heyətinə bir kağız göndərilir. Nazim Hikmətə sual verirlər ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə, yaxud Azərbaycan dilində danışmırsa, ona nə ad vermək olar? Görünür, N.Hikmət bu kağızı oxumur və suala cavab vermir. M.İbrahimov dərhal kağızı götürür, oxuyur və deyir: Bu adamı əclaf adlandırmaq olar!» İranda 40 milyona yaxın azərbaycanlı yaşayır, ana dilində bir dənə də məktəbləri yoxdu, bizdə bütün məktəblərdə ana dili dərsi keçilir, amma buraxılış siniflərinin təxminən yarıya qədəri ana dilindən «iki» alır. Orada farsın şovinizmi imkan vermir, «dil» deyənin dilini kəsirlər. Çünki ana dilində danışan, bu dildə savad alan, təfəkkürü formalaşan insan tarixini də biləcək, vətənini də sevəcək, haqqını da tələb edəcək. Aydın məsələdir, ana dilində düşünən insan imperiyalar üçün təhlükədir. Azərbaycandakı sovet imperiyası iki on illikdi dağılıb, bəs onda bu nə nəticələrdir? Heç kim inkar eləmir ki, gənc və müstəqil dövlətimizin dili Azərbaycan dilidir. Ötən əsrin 50-ci illərində bu dili qoruyaraq dövlət dili statusuna qədər yüksəldib vəzifəsiylə vidalaşan ziyalılarımız olub. Bu dil ulu öndər Heydər Əliyevin təşəbbüsü və fədakarlığı sayəsində Sovet Azərbaycanının Konstitusiyasına dövlət dili kimi daxil edilib. 2002-ci ildən Azərbaycan Respublikasının dövlət dili haqqında qanun var. Prezident İlham Əliyev iki il bundan əvvəl «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» Sərəncam imzalayıb.  Bütün bu iri miqyaslı işlərin arxasında Azərbaycan dilini qoruyub saxlamaq amalı dayanır. Amma barəsində düşünməli olduğumuz xeyli sayda acınacaqlı faktlar var. Ötən ilin buraxılış siniflərinin 48 faizi, builkilərin isə 60 faizə yaxını ana dilindən “iki-üç” alıb. Bəs onda latın qrafikasına çevrilib, nəfis formada nəşr olunan 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası», 100 cildlik «Dünya uşaq ədəbiyyatı kitabxanası», 100 cildlik «Azərbaycan ədəbiyyatı kitabxanası» seriyasından nəşrləri kim oxuyacaq? Beşiyinin başında anasının layla çaldığı dildən «iki-üç» alan uşaqlar bizim gələcəyimizdirsə, inciməyin, mən nəsə o gələcəkdə kitab görmürəm. O gələcəkdə hər şey ola bilər – radikal dini təsirlərə düşmək, kütləvi şəkildə alverə qurşanmaq, dələduzluq, başıpozuqluq, ümumi psixoza çevrilən kobudluq və mədəniyyətsizlik, bir sözlə, kitabdan gəlməyən hər nə desən. Sizcə, bu, təhlükəli deyilmi? Məgər Azərbaycan dilinin dərd-sərindən danışmaq ancaq hörmətli Nizami Cəfərovun işidir və biz də qulaq asmalıyıq? Məgər qəzetlərə müsahibə verməyə hələ tələsməyən Tofiq Hacıyevin direktoru olduğu institut dili heç alpinistlərin belə qalxa bilməyəcəyi akademik zirvələrdə saxlamaq üçündür?  Bu, islamdan qabağa gedən Dədə Qorqudun canlı dili, bu, XVIII əsr Vaqifinin şirin dili, bu, XX əsr Səməd Vurğunun poetik dili, bu da XXI əsr məktəblisinin aldığı «iki»lər! Görəsən uşaq öz dilindən «iki» alanda hansı hislər keçirir? Görəsən müəllimi nə düşünür? Hələ anasını demirəm… Bəlkə problem orta məktəb dərsliklərindən qaynaqlanır? Bəlkə metodikada nəsə kəm-kəsir var? Deyə bilmərəm, görünən dağa nə bələdçi. Düşüncəmizdə özünə yer eləmiş bu dağın kölgəsində gizləndikcə hələ çox dəyərlərimizi itirəcəyik, dilimizi də üstündə… 

OXŞAR XƏBƏRLƏR