“Dilin qorunması təkcə dövlət işi deyil” - AÇIQLAMA

“Dilin qorunması təkcə dövlət işi deyil” - AÇIQLAMA
SİYASƏT
15:24 06.01.2026
126
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə dilimizin qorunmasının vacibliyini vurğulayıb. 

Dövlət başçısı bildirib ki, xarici kəlmələr dilimizi zənginləşdirmir, əksinə milli kimliyimizi sarsıdır və buna qarşı mübarizə hər birimizin vəzifəsidir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışov AZXEBER.COM açıqlamasında bildirib ki, Prezidentin dilimizin qorunması ilə bağlı çıxışı çox önəmlidir:

"Bu zaman-zaman böyük şəxsiyyətlər tərəfindən verilmiş bir tövsiyə xarakteri daşıyan məsləhətdir. XVI əsrdə Şah İsmayıl Xətai yazırdı ki, "Mən sizə üç şey əmanət qoyub gedirəm: dilimiz, torpağımız, qeyrətimiz. Onlara sahib çıxın”. Bu, təsadüf deyil. Çünki dili, torpağı, dövlət strukturu olmayanın milli varlığı da olmaz. Bu baxımdan bütün zamanlarda biz öz dilimizə, tariximizə və torpağımıza sahib çıxmalıyıq. 


Müəyyən zamanlarda dilimiz ərəb, fars və daha sonra rus dilinin təsirinə məruz qalıb. 

Amma müstəqillikdən sonra dilimiz bu təsirlərdən xeyli azad olub və qorunma prosesi başlanılıb”.

Dosent vurğulayıb ki, hazırda dilimizə beynəlxalq leksikadan, əsasən Avropa mənşəli sözlər daxil olur:

"Dilimizə beynəlxalq leksikadan, əsasən Avropa mənşəli sözlər daxil olur. Prezident də vurğulayıb ki, bu alınma sözlərin çoxluğu dilimizin saflığını  zəiflədə bilər. Buna qarşı mübarizə aparmaq bütün cəmiyyətin üzərinə düşən vəzifədir. Digər ölkələrin təcrübəsi göstərir ki, məsələn, Türkiyədə və Yaponiyada dilin qorunması və inkişafı üçün xüsusi elmi və ictimai qurumlar fəaliyyət göstərir. Türkiyədə Türk Dil Qurumunun fəaliyyəti XX əsrin əvvəllərindən davam edir. Yaponiyada isə dilə daxil olan alınma sözlərin tarixçəsi qeyd olunur və bu sözlərə qarşı mübarizə aparılır”.

O bildirib ki, dilin qorunması təkcə dövlət işi deyil: 

"Dilin qorunması təkcə dövlət işi deyil. Ziyalılar, jurnalistlər, ümumən hər kəs öz ana dilinə sahib çıxmalı və onu qorumağa çalışmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR