Milli Şura 11 sentyabr günü növbəti mitinqini keçirdi.
Müxalifətin mitinqdəki azlıq arasında ən çox gözə çarpan isə müxtəlif dini qruplaşmalarda aktiv olan dindarlar oldu. AXCP sədri Əli Kərimli mitinqdə dindarlara vədlər verərək onlarla bir yerdə lazım olsa hakimiyyəti radikal ekstreminizm yolu ilə də ələ keçirməyə hazır olduqlarının anonsunu verdi. Partiya sədrinin dediyi "burada toplaşan dindar və ateist qardaşlarımı salamlayıram" sözü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, istifadəçilər dini alət edən Kərimlini sərt tənqid ediblər.
Ümumiyyətlə, dindən siyasi məqsədlər üçün istifadə etmək nə dərəcədə düzgündür? AZXEBER.COM bu sualla Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslıya müraciət edib. Partiya sədri deyib ki, bütün dindarları Əli Kərimli tərəfdarı kimi təqdim etmək düzgün deyil və dindarların mütləq çoxluğu hər zaman dövlətin, dövlətçiliyin yanındadırlar:
İlk olaraq onu demək istəyirəm ki, dindar olmaq ictimai-siyasi həyatdan kənarda qalmaq demək deyil. Dindarlar orada Əli Kərimliyə görə olmayıblar. Onlar sadəcə səslərinin eşidilməsi üçün orda olublar. Əsas niyyətdir. Ancaq hər kəsə bəllidir ki, Əli Kərimli və Milli Şura fəaliyyətlərində, cəmiyyətə nümunə ola bilməyiblər. Uzun müddət ictimai-siyasi həyatda zor gücünə qalmaq cəmiyyətin tələb etdiyi təfəkkür və iş üsulu deyil. Cəmiyyət vahidləşmək uğrunda mübarizə aparmalıdır. Əli Kərimli və ətrafı o zaman dindarlarla bir ola bilər ki, onlar gündəlik həyatında da dinlə yaşasınlar, dinin buyurduqları ilə yaşayaraq stimul tapsınlar ki, sonra cəmiyyətin bütün təbəqələrinə gözəl nümunə olsunlar, bəlkə o zaman ictimai-siyasi həyatda təsiredici gücə malik olarlar. İndiki mərhələdə isə bu belə deyil. O da hər kəsə bəllidir ki, müxalifətçilik düşmənçilik deyil, məntiq və hikmət məktəbidir. Ədalət isə ciddilik və müqəddəslik prinsipləri üzərində köklənməlidir. Fərdi istək və arzular dövlətçilik və vətənpərvərlik qarşısında təslim olmalıdır.
Hacı Tahir Abbaslı həbsdə olan dindarların da tezliklə azadlığa qovuşacağına inandığını deyib: "Mən bütün günahsız insanların azadlığa çıxmasını arzulayıram. Ancaq bir məqamı da qeyd edim ki, bu gün regionumuzda çox mürəkkəb situasiya yetişib. Xarici qüvvələr ölkəmizdə sabitliyi pozmağa meyldirlər. Belə olan vəziyyətdə insanlarımız olduqca diqqətli olmalıdır, şirin vədlərə, xoş sözlərə, pafosa aldanmamalıdır. Dövlətin və dövlətçiliyin yanında olmalıyıq, hər kəs bilir ki, ölkədə problem çoxdur, ancaq bu heç kimə əsas vermir ki, ölkədəki sabitliyi pozsun".
AZXEBER.COM