Dini baş örtüyünün dəyişdirilməsinə deputatdan MÜNASİBƏT

Dini baş örtüyünün dəyişdirilməsinə deputatdan MÜNASİBƏT
SOSİAL
16:39 06.04.2026
594
Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir. Bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək.
 
Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur. Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir.

Mövzu ilə bağlı millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu çox vacib ideyadır:

"Bu çox yaxşı, vacib, dəstəklənməli və təqdir olunmalı bir ideyadır. Biz milli  geyimlərimizi mütləq şəkildə təbliğ etməli, təşviq etməli və bu istiqamətdə cəmiyyətdə davamlı maarifləndirmə aparmalıyıq. Amma bu, daha çox təşviqat, təbliğat və maarifləndirmə xarakteri daşımalıdır. Yəni bunun zorla, məcburi qaydada həyata keçirilməsi gələcəkdə əks effekt verə bilər. Bu sahədə maarifləndirmə və təbliğat aparaq, gəncləri bu istiqamətə yönləndirək. Yəni bu məsələdə doğru yol və istiqamət məhz budur”

O bildirib ki, din incə və həssas məsələdir:


"Öz milli geyimimizi, milli örtüyümüzü, milli paltarımızı formalaşdırmalı və bu istiqamətdə addımlar atmalıyıq. Din məsələsi incə və həssas məsələdir. Bu məsələdə diqqətli və ehtiyatlı olmalıyıq ki, cəmiyyətdə gərginlik yaranmasın. Çünki bəzi hallarda bu mövzudan dövlətimizə və ölkəmizə qarşı istifadə etmək istəyən qüvvələr də ola bilər və bu, bizi narahat etməlidir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR