Disleksiya nədir?

Disleksiya nədir?
SOSİAL
13:50 27.03.2023
357
Disleksiya gec danışma ilə başlayan,  koordinasiya və oxuma bacarığının aşağı olması ilə xarakterizə olunan öyrənmə çətinliyidir. Zəka ilə əlaqəsi olmayan "Disleksiya”  yunan və latın sözlərinin birləşməsindən yaranıb. Zəif dil, söz mənasını daşıyır.

Amerika Psixiatriya Assosiasiyasının (DSM-V) tibbi diaqnoz təsnifat sisteminə uyğun olaraq bu diaqnoz uşaq  psixiatrı tərəfindən 6 yaşdan sonra qoyulur.          
Bu öyrənmə pozuntusu uzun zaman araşdırılsa da termin olaraq  "disleksiya” sözü ilk dəfə 1887-ci ildə Rudolf  Berlin tərəfindən işlənmişdir. R.Berlin oxuma zamanı yaşanan bütün çətinliklərə bu adı vermişdir. 

 "Söz korluğu”( 1917-ci ildə Hinsselvud bu pozuntunu "”anadangəlmə söz korluğu” adlandırmışdır.)  kimi də tanınan bu problem illər keçdikcə daha dərindən öyrənilməyə və təkmilləşdirilməyə başlanıldı. Artıq disleksiya ilə bağlı fərqli strategiyalar və fərqli müalicə yaradıldı. 

Disleksiya əlamətləri fərddən – fərdə dəyişir. Yəni bir uşaqda görülən bir əlamət digərində görülməyə və ya daha şiddətli görülə bilər. 

Disleksiyanın bəlli bir müalicəsi yoxdur,  fərqli terapiyalar və özəl dərslərlə müalicə olunur. Disleksiya bir xəstəlik olmadığı üçün dərman müalicəsi də olmur. Disleksiya xüsusi öyrənmə pozuntusu olaraq bilinən bir öyrənmə pozuntusudur. Fərqli insanlarda özünü fərqli cür göstərən bu çətinlik hesablamada sürətli oxumada, yazmada, tələffüz etmədə çətinliklərlə özünü göstərir. 

Disleksiyalı insanlarda diqqət dağınıqlığı, danışma çətinliyi disleksiyası olmayan insanlara nəzərən daha artıqdır. Disleksiya özü ilə bərabər yazma çətinliyi, hesablama çətinliyi də gətirir.

Disqrafiya – Yazma Çətinliyi 

Yazma çətinliyi də oxuma çətinliyi kimi bir pozuntudur. Disqrafiya adlanan bu pozuntu disleksiyanın oxudakı əlamətlərini yazıda göstərir. Statistikalara görə isə yazı daha gec korreksiya olunur və ya sonradan yenidən pozula bilir. 

Diskalkuliya – Hesablama çətinliyi

Hesablamada və məsələ həllində özünü göstərən bu problem də disleksiya ilə birgə hərəkət edir. Hesablama daha tez korreksiya oluna bilən bir problem kimi tanınır. Lakin bu hər zaman belə olmur və bir uşaq uzun müddət  barmaqla hesablamağa davam edir. 
Araşdırma və dəyərləndirmələrə görə disqrafiya və diskalkuliyaya nəzərən disleksiyaya daha çox rast gəlinir. Faiz etibarilə digər qollardan üstündür. Buradan da belə bir nəticəyə gəlmək olar ki, Disleksiya danışmadakı çətinliklə başlayan oxu, yazı, hesablama və koordinasiya çətinlikləri ilə davam edən bir çətinlikdir.

Disleksiya xəstəlik deyil və zəka ilə heç bir əlaqəsi yoxdur.

Disleksiyanın müxtəlif dövrlərdə fərqli tərifləri:

British Dyslexia Association`da Disleksiya haqqında belə bir məlumat var. "Disleksiya ilk növbədə oxuma və yazma bacarıqlarına təsir edən öyrənmə çətinliyidir. Ancaq bu, təkcə bu bacarıqlara təsir etmir. Disleksiya əslində məlumatın emal edilməsi ilə bağlıdır. Disleksiyalı insanlar gördükləri və eşitdikləri məlumatları emal etmə və yadda saxlamaqla çətinlik çəkə bilərlər. Bu isə öyrənmə bacarıqlarına ciddi təsir edəcəkdir. Disleksiya sadəcə oxuya və yazıya yox, eyni zamanda sosial bacarıqlara da təsir edir”.

1.DSM (The Diagnostic and statistical Manual of Mental Disordesrs) görə "Disleksiya xüsusi öyrənmə çətinliyinin bir qolu olan, zəka ilə heç bir əlaqəsi olmayan (normal və üstün zəka insanlarda rastlanan) oxuma çətinliyi kimi göstərilən neyroinkişaf pozuntusudur”.

2.NJCLD (Amerika Birləşmiş Ştatlarınəın Öyrənmə Pozuntuları üzrə Milli Birgəsi Komitəsinə görə "Öyrənmə pozuntusu ümumi pozuntudur və dinləmə, danışma, oxuma, yazma bacarıqlarının öyrənilməsində çətinliklərlə özünü göstərir”.

3.USA Office of Education-a görə "Disleksiya görmə, eşitmə, zəka, emosiya pozuntusundan, sosial, mədəni, maddi vəziyyət yetərsizliyindən ortaya çıxan öyrənmə çətinliyi deyil.

Təranə Möhsünova Disleksiya və Uşaq İnkişaf Mərkəzinin təsisçisi, rəhbəri pedaqoq 
 
Qeyd edək ki, Sumqayıt şəhəri "Gənclər mərkəzi”də pedaqoq Təranə Möhsünovanın "Disleksiya” adlı kitabının təqdimatı və imza günü keçirilib. Təqdimatda sahəsi üzrə işinin peşəkarı ziyalılar, müəllimlər, tələbələr və valideynlər iştirak edib.





OXŞAR XƏBƏRLƏR