Dodaqlar sadəcə estetik görünüşün bir hissəsi deyil, eyni zamanda sağlamlıqla bağlı vacib ipucları da verə bilər.
AZXEBER.COM xəbər verir ki, həkimlər bildirirlər ki, dodaqlarınızın rəngi və vəziyyəti, orqanizmdə baş verən bir sıra dəyişikliklərin ilkin əlaməti ola bilər.
Canlı çəhrayı və ya qırmızı dodaqlar - Sağlamlığınız qaydasındadır. Bu rəng, qan dövranının normal olduğunu, hormonların balansda olduğunu və bədənin kifayət qədər oksigenlə təmin olunduğunu göstərir. Belə dodaqlar, enerjili və sağlam bədənə işarədir.
Solğun və ya demək olar ki, rəngsiz dodaqlar - Əgər dodaqlarınız rəngsiz və solğun görünürsə, bu, orqanizmin yorğun olduğunu və əlavə dəstəyə ehtiyac duyduğunu göstərə bilər. Çox vaxt bu hal aşağı qan təzyiqi və ya anemiyanın əlaməti olur. Belə vəziyyətlərdə həkim məsləhəti almaq vacib ola bilər.
Bənövşəyi və ya tünd gavalı rəngdə dodaqlar - Bu rəng tonu qan dövranında pozğunluqlar və ya oksigen çatışmazlığı ilə əlaqəli ola bilər. Əgər bu hal davamlıdırsa və titrəmə kimi digər simptomlarla müşayiət olunursa, ciddi bir vəziyyətin göstəricisi ola bilər.
Çatlamış və qurumuş dodaqlar - Dodaqlar bədənin susuzluğa qarşı ilk reaksiya verən hissələrindən biridir. Qış aylarında və ya maye qəbulunun azaldığı hallarda bu, tez-tez müşahidə olunur. Su balansını qorumaq və dodaqları nəmli saxlamaq həm estetik, həm də sağlamlıq baxımından vacibdir.
Dodaqlarınız sizə sağlamlığınız haqqında çox şey deyə bilər. Onların rəngində və ya vəziyyətində baş verən dəyişikliklərə diqqət yetirmək, vaxtında tədbir görmək üçün vacibdir.
Aysel Hacızadə