Dollarla krediti olanlar nə etməli? – EKSPERT RƏYİ

İQTİSADİYYAT
12:10 30.03.2015
2303
“500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə…”.
Mərkəzi Bank sədrinin dollar ilə götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir. Səbəb sadədir: əksər bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların “dərdinə çarə” deyil.
AZXEBER.COM  xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov bildirib.
Vüqar Bayramov bir çox həll yollarını təklif edir:
“Buna görə də, indiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır. Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək. Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyə məktubu göndərməsinə ehtiyac var. Baş bankın idarə heyətinin göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyə olunduğu bildirilməlidir.
İkincisi, tövsiyə məktubunda kreditlər üzrə tövsiyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir. Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügedən kredit üzrə 9.3 faiz güzəşt tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər” - deyə, iqtisadçı-alim bildirir.
Onun sözlərinə görə, Mərkəzi Bank dollarla kredit götürən vətəndaşları nəzərə alaraq kommersiya banklarına aylıq kredit faizlərinin tövsiyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyli yumşalmasına səbəb ola bilər:
“Bununla dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlanması mümkündür”.
“Manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir” - deyə, Vüqar Bayramov vurğulayır.

OXŞAR XƏBƏRLƏR