ABŞ-ın eks Prezidenti Donald Tramp həftəsonunu keçirdiyi Nyu-Cersidəki Bedminster qolf obyektindən maşın karvanı ilə Nyuark Liberti Beynəlxalq Hava Limanına gedib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bəzi milli televiziya kanalları Trampın gedişini yayımlayarkən, keçmiş prezident təyyarəyə minərkən onun ailə üzvlərindən heç birinin yanında olmaması diqqət çəkib.
Tramp ona qarşı federal ittihamlarla sabah yerli vaxtla saat 15:00-da Mayami federal məhkəməsində hakim qarşısına çıxacaq.
Trampın həmin gün Nyu Cersiyə qayıdacağı və yerli vaxtla saat 20:15-də Bedminster qolf obyektində ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verəcəyi gözlənilir.
Keçmiş prezident ötən həftə 49 səhifəlik ittihamnamədə Ağ Evdəki vəzifəsini tərk edərkən özü ilə məxfi sənədlər götürməkdə və bununla bağlı federal araşdırmalara mane olmaqda ittiham olunur.
Davam edən araşdırmaları "siyasi” adlandıran Tramp Mar-a-Laqodan götürülmüş sənədlərin "müstəqil arbitr və ya xüsusi hakim” tərəfindən nəzərdən keçirilməsini xüsusi olaraq istəyib.
Məhkəmə Trampa qarşı "məxfi sənədlər” və "Konqresdə 6 yanvar reydi” araşdırmaları üzrə xüsusi səlahiyyətli ekspert təyin edilmiş keçmiş baş prokuror Cek Smit tərəfindən idarə olunur.
Qeyd edək ki, aprelin 4-də Donald Tramp Manhetten Cinayət Məhkəməsində 2016-cı il prezident seçkiləri zamanı bir qadına "bağlama” pulu verməkdə ittiham edilərək hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.
Mikayıl