“DOST to DOST” layihəsi çərçivəsində ilk təlimlərə start verildi

“DOST to DOST” layihəsi çərçivəsində ilk təlimlərə start verildi
SOSİAL
18:03 01.09.2026
122
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində DOST Agentliyinin birgə təşkilatçılığı ilə DOST könüllüləri üçün həyata keçirilən "DOST to DOST” layihəsi çərçivəsində "Əməyin mühafizəsi üzrə təcrübə əsaslı təlim proqramı”nın I mərhələsinə start verilib.

AZXEBER.COM xəbər verir li, layihənin "Öyrən” adlanan I mərhələsi çərçivəsində təşkil olunan ilk təlim "Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlim zamanı rəqəmsal texnologiyaların və süni intellekt həllərinin əməyin mühafizəsi sahəsində yaratdığı imkanlardan bəhs edilib. Eyni zamanda iş yerlərində mövcud risklərin müəyyən edilməsi, onların qabaqcadan qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsində müasir texnologiyaların rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

21 DOST könüllüsünün iştirak etdiyi layihənin əsas məqsədi gənclərin əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsiz iş mühiti ilə bağlı biliklərinin artırılması, onlarda real iş şəraitində riskləri müəyyən etmək və qiymətləndirmək, düzgün qərar vermək bacarıqlarının formalaşdırılması, eləcə də əməyin mühafizəsi mədəniyyətinin təşviq edilməsidir.

Qeyd edək ki, layihənin I mərhələsi çərçivəsində növbəti 3 mövzu üzrə nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR