Bakının Sabunçu rayonunda 16 yaşlı oğlanın anasını öldürməsinin təfərrüatı məlum olub.
Qətl rayonun Zabrat qəsəbəsində qeydə alınıb.
16 yaşlı Maarif Əliyev 1979-cu il təvəllüdlü anası Mədinə Qurbanovanı ov tüfəngi ilə başından atəş açaraq qətlə yetirib. Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Maarif Əliyev tutulub.
İstintaq araşdırması zamanı baş verən qanlı olayın təfərrüatı məlum olub. Bildirilir ki, 16 yaşlı oğlan anasını namus üstündə öldürüb. O, anası Mədinənin başqa kişilərlə münasibət saxlamasından xəbər tutub və anasını izləməyə başlayıb.
Hadisədən bir neçə gün əvvəl anasının telefonuna zəng gəlib. Bu zaman Maarif anasından həmin zəng edənin kim olması ilə maraqlanıb. Qadın oğluna zəng edənin rəfiqəsi olduğunu bildirib.
Anasından şübhələnən oğul onu izləyib. Hadisə günü küçədə dayanan Maarif anasının başqa bir avtomobildən düşdüyünü görüb. Evə gələn 16 yaşlı oğlan ov tüfəngini götürərək anasının başından vurub.
İstintaqa ifadəsində Maarif Əliyev törətdiyi cinayəti etiraf edib. Bildirib ki, anasının hərəkətləri onu dost-tanışlarının yanında başı aşağı edib. Maarif Əliyev əlavə edib ki, hər yerdə anasının hərəkətlərindən danışıblar: "Dostlarım da, qonşularım da mənə anamın əxlaqsızlıq etdiyini, başqa kişilərlə gəzdiyini danışırdı”.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.