Azərbaycanda aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunub.
Bes bu əməliyyatların cəmiyyət üçün önəmi nədən ibarətdir?
AZXEBER.COM bu sualla millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafaya müraciət edib.
O DTX-nın əməliyyatları olduqca uğurlu və peşəkar şəkildə həyata keçirdiyini deyib:
"Hesab edirəm ki, bu olduqca vacib əməliyyatlardır. Bu dövlətin imicini yenidən cəmiyyətdə qaldıran, eyni zamanda ölkə prezidentinin göstərdiyi istiqamətlərdə həqiqətən də prinsipial bir xəttin artıq gündəmdə və aktual olduğunu isbatlayan addımlardır.
DTX-nın son vaxtlar öz funksiyasına uyğun, xüsusi peşəkarlıqla bu işləri həyata keçirməsi cəmiyyətdə rəğbətlə qarşılanır. Kimliyindən asılı olmayaraq icra başçıları hakimiyyətin ən yaxın adamları olsalar da, hamısına qarşı qanunun tələblərinə uyğun olaraq münasibət ortaya qoyulur və bundan sonra da belə olacaq. Bu olduqca vacibdir. Bu həm də kimin yaxında ya uzaqda olmasının heç bir fərqi olmadığına işarədir.
Həmçinin DTX-nın əməliyyatları onu göstərir ki, əməliyyatlar haqda məlumat başqa yerə sızdırılmadan həyata keçirilir. Bu olduqca önəmlidir. Əgər məlumat sızsaydı, cinayətkarlar əvvəlcədən tədbirlərini görə bilər, cinayətlərini ört-basdır etməyə çalışardılar. Belə bir peşəkar qurumun fəaliyyəti və uğurlu əməliyyatları Azərbaycan üçün hüququn, qanunun dirçəlişi üçün vacib bir amildir.
Düşünürəm ki, bu əməliyyatlar davam etdirilməlidir. Bir çox sahələrdə eyni nöqsanların şahidi oluruq, bu mütləq düzəldilməlidir. Bu cür qanunsuzluqların qarşısını almaq üçün insanlar da bu siyasəti dəstəkləməlidir ki, davamlı olsun.
İslahatların davamı olan bu addımların davamlı olacağını deyə bilərikmi? sualına millət vəkili belə cavab verib: "Əlbəttə, bu hal davam etdirilməlidir. Çünki təkcə bir sahədə deyil, bir çox sahələrdə korrupsiya ən primitiv formalarından tutmuş, ən mürəkkəb formalarına qədər kök atıb. Mütləq bunu qazıyıb, çıxarmaq lazlmdır. Bu əməliyyatların davamlı olacağını düşünürəm”.
Günel Hüseynli
AZXEBER.COM