Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: milli birliyin tarixi təməli və müasir dövlət siyasətinin əsas istiqaməti

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: milli birliyin tarixi təməli və müasir dövlət siyasətinin əsas istiqaməti
SİYASƏT
11:59 29.12.2025
142

"Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”- Ümummilli Lider Heydər Əliyev


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və müstəqil dövlətçilik ideyasının təntənəsini ifadə edən mühüm ictimai-siyasi hadisədir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, bütün dünya azərbaycanlılarını vahid ideya, vahid məqsəd və vahid Vətən anlayışı ətrafında birləşdirən ümummilli bayramdır. Bu gün Azərbaycan xalqının həm tarixi keçmişinə, həm də müasir inkişaf yoluna nəzər salmaq, milli birliyin əhəmiyyətini bir daha dərk etmək baxımından xüsusi önəm daşıyır.

Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən mühüm ideoloji hadisə kimi xarakterizə edərək vurğulamışdır ki, dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil Azərbaycan Respublikasdır. Bu fikir həmrəyliyin əsas ideoloji mahiyyətini təşkil edir. Azərbaycan dövlətçiliyinə sədaqət, milli dəyərlərin qorunması və ümumbəşəri prinsiplərə hörmət dünya azərbaycanlılarını birləşdirən əsas amillərdir.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi XX əsrin sonlarında baş verən milli oyanış hərəkatı ilə sıx bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, Şimali və Cənubi Azərbaycan arasında uzun illər mövcud olmuş süni maneələrin aradan qaldırılması arzusu xalqımızın bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr milli birliyin və həmrəyliyin simvoluna çevrildi. Məhz həmin tarixi proseslərin davamı olaraq Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu qərar sonradan Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiqləndi və bayram rəsmi status aldı.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bir bayram deyil, həm də milli ideologiyanın– azərbaycançılıq məfkurəsinin təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu məfkurənin mənəvi əsasını təşkil edir və hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir. Azərbaycançılıq ideologiyası dilə, mədəniyyətə, tarixə və dövlətçiliyə sədaqəti ifadə edərək dünya azərbaycanlılarını vahid ideoloji platformada birləşdirir.


Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini daim diqqət mərkəzində saxlamış, bu ideyanın təşkili və möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Xarici ölkələrə etdiyi səfərlər zamanı proqramının gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşlər keçirməsi, onların problemləri ilə maraqlanması və təşkilatlanma istiqamətində tövsiyələr verməsi bu siyasətin bariz nümunəsidir. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə yaşayan soydaşlarımızın milli özünüdərk prosesində yeni mərhələ açdı. Qurultay dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsinə, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə və diaspor siyasətinin dövlət səviyyəsində formalaşmasına güclü təkan verdi.


Qurultaydan sonra qəbul edilən mühüm qərarlar bu siyasətin institusional əsaslarını yaratdı. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Sonrakı illərdə bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni məzmunla zənginləşdirildi.


Prezident cənab  İlham Əliyev dünya azərbaycanlılarını "xaricdə yaşayan böyük ailəmiz” kimi xarakterizə edərək vurğulamışdır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəninə bağlıdır. Dövlət başçısının "Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” fikirləri dünya azərbaycanlılarının mənəvi birliyinin əsas sütunlarını təşkil edir. Prezident cənab İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşərək onların problemləri ilə maraqlanır, diaspor quruculuğunun dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayır.


Azərbaycan diasporunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2018-ci ildə isə Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunmasıdır. Bu addımlar diaspor təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Hazırda dünyanın 50-dən çox ölkəsində yüzlərlə diaspor təşkilatı, Koordinasiya Şuraları və Azərbaycan evləri fəaliyyət göstərir ki, bu da diaspor siyasətinin real nəticələrini əks etdirir.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xüsusilə Vətən müharibəsi dövründə öz mahiyyətini daha aydın şəkildə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar misilsiz həmrəylik nümayiş etdirdilər, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəal mübarizə apardılar. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, xaricdə yaşayan soydaşlarımızın anti-Azərbaycan dairələrin təxribatlarına qarşı qətiyyətli mövqeyi Qələbəmizə layiqli töhfə oldu. "Dəmir yumruq” yalnız hərbi gücün deyil, milli birliyin və həmrəyliyin də rəmzinə çevrildi.


Bu birliyin zirvə nöqtəsi 2022-ci ildə azad Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı oldu. Tarixi Zəfərdən sonra ilk dəfə olaraq dünya azərbaycanlılarının azad Qarabağda toplaşması həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu Qurultay Ulu Öndər Heydər Əliyevin illər əvvəl söylədiyi tarixi sözlərin reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirdi.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür. Bu gün dünya azərbaycanlılarını vahid ideya və məqsəd ətrafında birləşdirir, müstəqil Azərbaycan dövlətinin gücünü və cazibəsini nümayiş etdirir. Dövlətin ardıcıl və məqsədyönlü diaspor siyasəti nəticəsində dünya azərbaycanlıları bu gün daha mütəşəkkil, daha fəal və daha güclü qüvvəyə çevrilmişdir. Həmrəylik Günü isə bu birliyin mənəvi sütunu olaraq xalqımızın gələcək inkişaf yolunda mühüm rol oynamağa davam edəcəkdir.


Elxan Quliyev, Əməkdar müəllim

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu