HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsi bütün müsəlman ölkələrini ayağa qaldırıb.
Belə ki, İran baş verən bu faciəvi hadisədən sonra rəsmən İsrailə cavab verəcəyini bildirib.
Bununla əlaqədar İranın ali lideri Əli Xameneyi orduya əmr verərək hər an hazır olmalarını və İsrailə hücum etməli olduqlarını deyib.
Bütün nəzərlər İran-İsrail arasında qarşıdurmasına yönələrkən, bir çox ölkə vətəndaşlarına Livana səfər etməmələrini tövsiyə edib.
İlk olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Livanda yaşayan həmyerlilərimizə, o cümlədən həmin ölkəyə səfər etmək istəyən azərbaycanlılara çağırış edərək onları bu addımı atmaqdan çəkinməyi tövsiyə edib.
Daha sonra Böyük Britaniya, Yaponiya, Ermənistan, Norveç, Türkiyə kimi ölkələr də vətəndaşlarını bu ölkəyə səfər etməmələrinə çağırıb.
Ortaya belə bir sual çıxır ki, bəs, niyə bütün ölkələr vətəndaşlarını Livandan çıxarır?
Ehtimal olunur ki, İran İsraili yox, İsrail Livandakı "Hizbullah”ı vuracaq və müharibədə yeni cəbhə açacaq.
Məsələylə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlama verib.
Deputatın fikirlərinə görə, Livanın qeyri-sabit ölkə olması Yaxın Şərqdə vəziyyəti gərginləşdirir:
"Livan Yaxın Şərqin həmişə ən qeyri-sabit ölkələrindən biri olub. Ona görə də hazırda bu coğrafiyada vəziyyətin getdikcə gərginləşməsi bu ölkədə təhlükə risklərinin artdığını göstərir. Məhz bu səbəbdən bir çox ölkələr öz vətəndaşlarına müraciət edərək Livandan çıxmaq və hətta oraya getməməməklə bağlı tövsiyələr verirlər. Əslində, dövlətlərin bu cür davranışı hər şeydən öncə diplomatik qaydadır. Hər bir dövlət vətəndaşlarının harada olub-olmamasından asılı olmayaraq onların təhlükəsizliyini daim diqqət mərkəzində saxlamalıdır. Hazırkı vəziyyətdə isə faktiki olaraq, Livan ərazisində olan bəzi terror qruplaşmalarına zərbələr endirir. Bu özlüyündə artıq müharibə öncəsi bir vəziyyətdir".
Deputat hesab edir ki, hələlik İsrailin Livana müharibə elan edəcəyi gözlənilmir:
"Ona görə də Yaxın Şərqdə hansı ölkənin hansı ölkəyə hücum etməsi məsələsi gözlənilən deyil. Düşünürəm ki, vəziyyət nə qədər dramatik olursa-olsun bu gün, önümüzdəki yaxın saatlarda da düşündüyümüz klassik mənada dövlətlərarası müharibə mümkün görünmür. Bu səbəbdən də biz İsrailin Livanı vuracağı ilə bağlı proqnozları bir müddət sonra daha dəqiqliklə müəyyənləşdirəcəyik. Hələlik isə belə bir risk mümkün görünmür".
Mikayıl Mirzəzadə