Dünya xristianları Milad bayramını qeyd edirlər

DÜNYA
14:13 25.12.2013
1079

Bu gün – 25 dekabr xristian aləmində ən əlamətdar və təntənəli törənlərdən sayılan “Milad” bayramı (Mövlud), yəni İsa peyğəmbərin (ə) Vifleyem şəhərində dünyaya gəldiyi gün kimi qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian ənənəsində İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir və hakim ruhanilər tərəfindən bu məsələ hər məzhəbə görə fərqli izah olunur.Xristianlar bu bayramı hələ ilk dövrlərdə indikinə nisbətən fərqli keçirirmişlər. Çünki, əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi.İlk dəfə Roma Papası Yulinin dövründə (IV əsrin I yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq “Milad”ı dekabr ayının 25-də qeyd etməyə başlayıb.Pravoslavlar isə Milad bayramını yulian təqviminə əsasən, yanvar ayının 7-si qeyd edirlər. Kilsə nizamnaməsinə uyğun olaraq, dindar pravoslavlar bayramdan qabaq davamlı oruc tuturlar. Bu oruc bayram ərəfəsində daha ciddi və sərt ehkamlarla müşayiət olunur. Məsələn, nizamnaməyə əsasən, yanvar ayının 2-dən (yeni qaydaya görə) balıq yeməyə icazə verilmir. Milad gecəsindən bir neçə gün əvvəl isə bayram əhval-ruhiyyəsini qaldırmaq məqsədilə ibadət vaxtları İsa Məsihin dünyaya gəlməsini tərənnüm edən dini mahnılar və bayramın mahiyyətini açıqlayan kanonlar oxunur.Kilsələrdə, həmçinin İsa Məsihin doğumu ilə bağlı İncil mətnləri qiraət olunur. Bayram axşamı isə oruc daha da sərtləşdirilir. Adətə görə, ilahi təntənənin intizarının nişanəsi olaraq hava qaralana, yəni göydə ilk ulduz görünənə qədər qida qəbul edilməməlidir. Ulduzun görünməsi simvolik olaraq Vifleyem ulduzunu xatırladır. Çünki xristian rəvayətlərinə görə, məhz bu ulduz kahin və çobanları yeni dünyaya gəlmiş İsanın beşiyi başına gətirib.Müasir dövrdə katoliklər Milad günü qohumları ilə birgə içi doldurulmuş hind quşu və milad pudinqilə (şirniyyat növü) bəzədilmiş bayram süfrəsi ətrafında toplaşaraq sevinclərini bölüşür, bir-birini təbrik edərək xoş arzular söyləyir və hədiyyə verirlər.Xristian dininə görə, İsa (ə) Allahın bədənli mücəssəməsidir. O, Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar və s. ləqəblər ilə məşhurdur.“Qurani Kərim”ə görə isə, İsa (ə) Allahın peyğəmbəri (Yer üzündəki elçisi) olub. İsanın “Allahın Oğlu” olması İslamda qeyri-mümkün bir hadisə kimi qəti şəkildə rədd edilir.Allah-Təala “Qurani Kərim”də İsrail övladlarına müraciət edərək belə buyurur:“Biz Məryəm oğlu İsaya aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik....(siz isə) onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz” (Bəqərə, 87).Allahın izni ilə hamilə qaldığı üçün (heç bir izdivaca daxil olmadan) Həzrət Məryəmə böhtan atanlar və İsa peyğəmbəri çarmıxa çəkərək öldürdüklərini iddia edənlər barədə isə Allah Quranda belə buyurur:“Onlar küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə (lənətə düçar edildilər.). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar (yəhudilər) onu öldürdüklərinə yəqinliklə əmin deyillər”.İsanın Allahın oğlu olmadığına isə Yaradan Quranın “Əl-İxlas” surəsində qəti olaraq belə aydınlıq gətirir:(Ya Peyğəmbər) De: “O Allah Təkdir! Allah möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR