Çinli tədqiqatçılar dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun ağciyərinin beyin ölümü gerçəkləşən insana köçürüldüyünü və orqanın doqquz gün işlədiyini bildiriblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çində aparılan bir araşdırmada, geni dəyişdirilmiş donuz Bama Xiangin sol ağciyəri beyin ölümü keçirən 39 yaşlı kişiyə köçürülüb.
Tədqiqat qrupu nəql edilən ağciyərin 216 saat ərzində canlılığını və funksiyasını qoruduğunu, "hiperakut rədd" kimi tanınan sürətli immun reaksiyasının inkişaf etmədiyini və heç bir infeksiyanın aşkar edilmədiyini müəyyən edib.
Lakin transplantasiyadan 24 saat sonra ağciyərdə maye yığılması və zədələnmə əlamətləri müşahidə olunub. Dərmanlara baxmayaraq, ağciyər antikor hücumu səbəbindən ciddi şəkildə zədələndi.
Bu sınaq dünyada ilk donuzdan insana ağciyər transplantasiyası olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda qlobal orqan tələbatının yalnız 10 faizi ödənilir. "Ksenotransplantasiya” kimi tanınan üsul orqan donorluğu böhranını həll etmək məqsədi daşıyır. Donuzların ürək, böyrək və qaraciyər kimi orqanları son illərdə insanlara köçürülsə də, canlı xəstələrdə aparılan bu cür transplantasiyaların əksəriyyəti həftələr və ya aylar ərzində ölümlə nəticələnib.
Aysel