Dünyada yeni günəş doğur - Azərbaycan Cənub və Şimal arasında körpüyə çevrilir

Dünyada yeni günəş doğur - Azərbaycan Cənub və Şimal arasında körpüyə çevrilir
SİYASƏT
13:56 30.04.2025
317
Son dövrlər Bakıya edilən ardıcıl səfərlər, Prezident İlham Əliyevin Çinə yüksək səviyyəli rəsmi səfəri və əldə olunan çoxvektorlu razılaşmalar Azərbaycanın geosiyasi müstəvidə həlledici aktora çevrilməsinin bariz nümunəsidir. Çox qısa müddətə suverenliyini bərpa edən ölkənin dünya gücləri tərəfindən qəbul edilməsi bir daha təsdiq edir ki, həyata keçirilən və çox yüksək peşəkarlıqla icra olunan praqmatik və müstəqil diplomatik siyasət kursu qarşımızda çox geniş imkanlar açır.
İran Prezidenti Məsud Pezekşianın ölkəmizə səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar çox mühüm əhəmiyyət kəsb edir. İran Prezidenti indiyə qədər heç bir sələfi tərəfindən səslənməyən aydın bəyanatlar verərək, ölkəmizə və onun liderinə olan yüksək etimadı ifadə etdi. Bu, öz növbəsində İranın regional reallığı qəbul etməsinin yüksək səviyyədə etirafı kimi də qiymətləndirilə bilər.
Prezidentin Çinə rəsmi səfəri çərçivəsində strateji razılaşmalar əldə edildi. Ayrı-ayrılıqda 20-dən artıq saziş imzalandı, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rəsmiləşdirildi. Əliyevin ən ali səviyyədə qarşılanması da səfərə xüsusi rəng qatırdı. İki ölkə arasında bununla da tarixi və strateji münasibətlər dövrünün əsası qoyuldu, təmaslar keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu.
Yaxın günlərdə isə İsrailin Baş naziri Netenyahu da Bakıya səfər edəcək. Onun beşgünlük səfərində də mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir. Bu, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasındakı münasibətlərin bərpasında strateji rol oynamasının təzahürüdür. Netanyahunun Bakıda səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də ciddi müzakirə mövzusudur.
Bu xüsusda bir neçə gün öncə Prezident Əliyevin Bakıda Avropa İttifaqı xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi, Avropa Komissiyasının da vitse-prezidenti xanım Kaya Kallası qəbul etməsi də diqqətdən yayınmır.
Göründüyü kimi, Azərbaycan dünya üçün mühüm və etibarlı tərəfdaşa çevrilir. Xüsusi etimada malik dövlətlər sırasındadır.
Qlobal münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə Azərbaycan barışdırıcı funksiyası ilə də diqqət çəkir. Ölkəmizə və onun liderinin şəxsinə olan yüksək etimadı daha da artırır.
Ölkəmiz bütün bu uğurlara Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu daxili və xarici siyasət sayəsində nail olub. Milli həmrəylik qlobal uğurlarımızın təminatı rolunda çıxış edir.
 
Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR