Dünyanın ən məşhur otel brendləri Bakıda cəmləşir - ARAŞDIRMA

İQTİSADİYYAT
19:22 15.10.2014
14554

Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi Azərbaycanda turizmin inkişafı da sürətlənir, otel biznesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. Paytaxt Bakıda, xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib, yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biridir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm də öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Statistik göstəricilərə əsasən, dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərintəqribənüçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

İqtisadiyyatın aparıcı sahələrindən biri

Zəngin mədəni-tarixi irsə və əlverişli təbiişəraitə malik olan Azərbaycan da turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkədə turizminəksər növlərinin inkişafı üçün geniş imkanların olması nəzərə alınaraq, ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu proqramın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Azərbaycanda turistlərin yerləşdirmə biznesi də dinamik surətdə inkişaf edib. Hazırda da turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Ölkə başçısı İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsivəturizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanıb. Proqramdan irəli gələrək aidiyyəti dövlət qurumları, xüsusən də iqtisadiyyat və sənaye, mədəniyyət və turizm nazirliklərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində isə son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyişdə turizm sektorunun payı əhəmiyyətli dərəcədə artıb, yeni-yeni turizm obyektləri, otellər, mehmanxanalar istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, əgər 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövrlər ərzində onların sayı dəfələrlə artıb.

Yenilikçi butik otel - “Excelsior”

Ötən illərdə turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yaradılan müasir infrastruktur bölgələrlə yanaşı, Bakının da turizm sənayesini yeni inkişaf mərhələsinə çıxarıb. Paytaxt şəhərimiz dünyanın məşhur beşulduzlu otel brendlərinin cəmləşdiyi məkana çevrilib. Heydər Əliyev prospektində 2008-ci ildə istifadəyə verilən 5 ulduzlu “Excelsior Hotel Baku”nun da turizm sektorunun inkişafında özünəməxsus yeri var. Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku” ənənəni, yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarını özündə birləşdirir. Bakının bu yenilikçi butik oteli 5 mərtəbədən, yüksək zövqlə dekorasiya edilmiş ümumilikdə 61 gözəl nömrə və dəbdəbəli süitdən ibarətdir. Bunlardan 45-i “Heritage”, yəni standart, 9-u “Duke” nömrələrdir. Süitlərdən 4-ü “Crown”, 2-si “Royal”, 1-i isə “İmperial” süitdir. Bir sözlə, bu lüks oteldə müştərilərin gözləyə biləcəyi bütün müasir rahatlıqlar var. 5 ulduzlu “Excelsior Hotel Baku”da nömrə götürmək istəyən müştərilər dünyanın istənilən ölkəsindən, sadəcə internetin imkanlarından yararlanmaqla otelin 9 dildə fəaliyyət göstərən saytına daxil olub istədikləri otağı kirayələyə bilərlər.

Kempinski Hotel-Badamdar

2011-ci ildə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bakıda açılışı olan beşulduzlu “Kempinski Hotel-Badamdar” kompleksi isə Azərbaycanın qarşıya qoyduğu böyük məqsədlərin növbəti əyani nümunəsidir. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi otel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir. Obyekt insanın intellektual potensialının, təxəyyül imkanlarının tükənməzliyi və hədsiz dərəcədə zənginliyinin bariz sübutudur. Bu lüks otel Avropada və dünyada xüsusi imicə malik Kempinski otellər qrupunun standartlarına uyğun inşa edilib. 1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən Kempinski otellər qrupu dünyada ən böyük otel təşkilatının – Beynəlxalq Otellər Alyansının yaradıcısıdır. Kempinski otellər qrupu dünyanın 28 ölkəsində beşulduzlu 65 otelin sahibidir. İstər “Kempinski Badamdar” oteli, istərsə də Avropa, Orta Şərq, Afrika və Asiyadakı bu cür xidmət obyektləri fərdi üslubu ilə seçilməklə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət növləri təklif etməsi ilə də fərqlənir. “Kempinski Badamdar” otel kompleksinin bu sahədə ən yüksək standartlara cavab verməsi həmin obyektin inşasının dünyanın müxtəlif bölgələrində ən zəngin tarixi qrand, adi şəhər, lüks kurort otellər və super iqamətgahlar yaradılmasında bir əsrdən çox təcrübəyə malik iqtisadi quruma həvalə edilməsi ilə bağlıdır. Bakıda istifadəyə verilən “Kempinski Badamdar” otel kompleksi istirahət mərkəzi kimi də fəaliyyət göstərməkdədir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Hilton Baku

2011-ci ilin oktyabr ayının 3-də açılışı olan beşulduzlu “Hilton Baku” otel kompleksi də dünyanın məşhur brendinin paytaxt şəhərimizdə təmsilçisidir. “Hilton” otellər şəbəkəsi və onun sahibi “Hilton Worldwide” şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Özünün qlobal brendləri vasitəsilə qonaqlar yüksək xidmət ənənəsini davam etdirən “Hilton Worldwide” şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Azərbaycanın paytaxtında inşa olunan “Hilton Baku” oteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir. Hər növ yüksək xidmətin göstəriləcəyi otel kompleksi paytaxtın müasir görkəminə uyğunlaşdırılıb. 25 mərtəbədən ibarət olan oteldə ümumilikdə 309 otaq, “Şəkər-Lanç”, 200 nəfərlik “Silantro”, “Skay-Qrill” restoranları var. Otelin 25-ci mərtəbəsində isə bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstərilir. İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının, Xəzər dənizinin mənzərəsini seyr etmək mümkündür. Otel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. Ümumilikdə kompleksdə müştərilərə dünya otel biznesində mövcud ən yüksək xidmətlər göstərilir.

Sheraton Baku Airport Hotel

“Starwood Hotels and Resorts Worldwide” şirkətinin “Silk Way Airlines” MMC ilə əməkdaşlığı nəticəsində isə 2011-ci ilin oktyabrında paytaxtımızda beşulduzlu “Sheraton Baku Airport Hotel” oteli istifadəyə verilib. Bu fakt “Starwood” şirkətinin yaxın 3 il ərzində bütün dünyada 60-dan çox otelin açılması ilə bağlı strateji planının bir hissəsi olmaqla yanaşı, həm də da Azərbaycanda qeyri-neft sektorunun inkişafı, turizm sahəsində həyata keçirilən uğurlu layihələrin tərkib hissəsidir. “Sheraton”un möhkəm reputasiyası olduğundan, belə bir otelin paytaxtda istifadəyə verilməsi Bakını beynəlxalq turistlər üçün təyinat məntəqəsinə çevirməyə də xidmət edir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında yerləşən “Sheraton Baku Airport Hotel” 14-ü lüks olmaqla, 207 nömrədən ibarətdir. Oteldə restoran, istirahət yerləri və konfrans zalları var. onu da əlavə edək ki, hazırda “Starwood”un Şərqi və Mərkəzi Avropada 72 oteli, o cümlədən Moskvada 2 və Gürcüstanda 2 oteli istifadədir.

Jumeirah Bilgah Beach Hotel

Həmin ilin sonunda Bakının Xəzər rayonunun Bilgəh qəsəbəsində, Xəzər dənizi sahilində istifadəyə verilən “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir. 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanıb. Oteldə qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı xüsusi zövqlə işlənib. Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı var. İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılıb. Bu mərtəbədəki 44 nəfərlik “Piano lunch” da qonaqların ixtiyarına verilir. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılıb. Qonaqların istirahəti üçün hər cür şəraitin olduğu bütün nömrələrdən Xəzər dənizinin füsunkar panoramını seyr etmək mümkündür. Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışı olan telefonla təmin edilib.

Yerli və xarici şirkətlər üçün əlverişli investisiya mühiti

Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” də yaradılıb. Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran da yaradılıb. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılıb. Turistlərin müxtəlif əyləncə mərkəzlərindən istifadə edə biləcəkləri 350 metrlik dəniz sahili ilə əhatələnib. İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılıb. Kompleksin dənizin sahilinə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərir. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu vardır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılıb. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilib. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin də Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.

JW Marriott Absheron

Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən və 2012-ci ilin aprelində istifadəyə verilən beşulduzlu “JW Marriott Absheron” oteli isə dünya şöhrətli “Marriott International” şirkətinin ölkəmizdəki ilk otelidir. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq var. Burada Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi fəaliyyət göstərir. Otelin binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malikdirlər. Mərkəzdə altı prosedur otağı, daxili hovuz, buxar otağı və sauna vardır. İşgüzar görüşlər və konfransların keçirilməsi üçün isə oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı var. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. “JW Marriott Absheron” otelinin Bakıda fəaliyyət göstərməsi də Azərbaycanın böyük turizm potensialına malik olmasını və tezliklə respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevriləcəyini bir daha təsdiqləyir.

Four Seasons Hotel Baku

2012-ci ilin sentyabrında bakıda istifadəyə verilən “Four Seasons Hotel Baku” dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül, sözün əsl mənasında, valeh edir. Qeyd edək ki, “Four Seasons Hotels and Resorts” şirkəti beynəlxalq mehmanxanalar şəbəkəsidir. “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olub. Şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” otellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. Ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilib.

Şərq və Qərb memarlığının vəhdəti

“Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilib. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılıb. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirilir. Oteldə belə mərasimlərin keçirildiyi 390 nəfərlik “Rast” zalı da var. Otelin “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılıb. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilib. Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunub. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir. Otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılıb. Burada özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. “Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir. Mükəmməl memarlıq quruluşu ilə seçilən bu oteldə yaradılan şərait istər istirahət, istərsə də işgüzar görüşlər zamanı qonaqlara “Four Seasons” sayağı qayğını hiss etməyə geniş imkanlar açır.

Fairmont Baku

Ötən ilin iyun ayında “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin istifadəyə verilməsi də Azərbaycanda gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, ölkəmizin müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. “Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edilir. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Oteldəki nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılıb. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərir. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.

Əlverişli investisiya mühiti

Ümumiyyətlə, yuxarıda adları sadalanan beynəlxalq səviyyəli şirkətlərin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Yerli və xarici sahibkarlara dövlətin dəstəyi isə Azərbaycanda iqtisadi layihələr həyata keçirmək, sərmayə yatırmaq istəyənləri bir qədər də həvəsləndirir. Məhz bunun nəticəsidir ki, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Ölkəmizdə otel biznesi daha da genişlənir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Hacıbəy HEYDƏRLİ

Azxeber.com Xəbər Saytının Baş Redaktoru

Yazı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında elan etdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir.

OXŞAR XƏBƏRLƏR