Bu maraqlı qənaətə jurnalistlər gəliblər.
ABŞ-da dərc olunan “Readers Digest” jurnalının əməkdaşlarının müəyyənləşdirdiyinə görə, Helsinki sakinləri ən təmiz vicdanlı adamlardır.Gün.Az-ın jurnalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, jurnalın əməkdaşları qeyri-adi bir eksperiment keçirmişlər: Onlar Avropa, Amerika və Hindistanın 16 şəhərinin hərəsində 12 pul kisəsi “itiriblər” və həmin pul kisələrini tapan insanların onları nə vaxt qaytaracağını gözləyiblər.
Eksperimentin təşkilatçıları Avropa, Amerika və Hindistan şəhərlərində 192 pul kisəsini “səhvən əllərindən salıblar”. Pul kisələrinin hər birinin içərisində onun sahibinin adı, mobil telefonunun nömrəsi, ailəvi fotoşəkillər, vizit vərəqləri və 50 ABŞ dollarına ekvivalent məbləğdə pul olub.
Helsinkidə “itirilmiş” 12 pul kisəsindən 11-i qaytarılıb. Bu, eksperiment keçirilən bütün şəhərlər arasında ən yaxşı nəticə olub.Pul kisələrindən birini qaytaran Helsinki sakini Reyno deyib: “Vicdan daxili inamdan irəli gəlir. Bu inam isə insan özünün nəyə layiq olduğunu hiss edəndə yaranır. Bu keyfiyyət ailədə formalaşır, lakin həyat səni sıxanda bu keyfiyyəti itirə bilərsən”.Eksperimentin gedişində məlum olub ki, Lissabonda, Madriddə və Praqada pul kisənizi itirməsəniz yaxşıdır, çünki həmin şəhərlərdə portmanatınızı tapanlar çox güman ki, onu sizə qaytarmayacaqlar.