“Bu müharibədə sevdiklərimizi özümüz öldürürük”

SOSİAL
20:21 29.03.2020
1796
Ayşə İsazadə, jurnalist.

 

 

Bu uşaqları xatırlayırsınızmı? Unutmusunuzsa, mən yadınıza salım. Çox da uzaq olmayan keçmişdən geriyə qalanlardır. Biri 2015-ci ildə Suriya münaqişəsi nəticəsində həyatını itirən miqrant 3 yaşlı Alan Kurdi,  digəri isə Hələbdəki hava hücumu zamanı dağıntılar altında qalan və Allahın möcüzəsi ilə sağ qalan 5 yaşlı Omran Daqneşdir. Əslində dünyada aclıqdan, böhrandan, müharibədən əziyyət çəkən uşaqların sayı milyonlarladır.
 
Mənim nümunə gətirdiklərim isə 4-5 il öncə dünya manşetini "silkələyən” uşaqlar olduğu üçün elə onlardan başlamaq istədim düşündüklərimi yazmğa...Qayıdaq, əsas məsələyə...Koronavirus bəlası dünyanı bürüyəndən gündə yüzlərlə yazılar, araşdırmalar oxuduq, təhlillər izlədik.
 
Çinin ABŞ-ı günahlandırmasından tutmuş, Ağ ev rəhbərinin koronavirusu "Çin virusu” adlandırmasına qədər ən müxtəlif yazılarla tanış olduq.  Amma hələ ki nə bunun kimin və ya hansı dövlətin oyunu olduğunu  bilirik (ən azı heç bir sübut yoxdur), nə də bu gün  ilk yoluxma sayına görə birinci olan ABŞ və ölüm sayına görə ilk pillədə qərarlaşan İtaliyanın yaşlıların sayını azaltmaq üçün bioloji silahdan istifadəsi ilə bağlı iddialara inana bilirik. 
 
Təkcə bir fakt – Avropada ən yaşlı əhalisi olan İtaliyanın 23 %-ni 65 yaş və üstü.insanlar təşkil edir. New- York Times-ın məlumatına görə, orta yaş həddi 47,3-dür.  Və ölənlərin çoxu 80-90 yaş aralığındadır. Xəstəliyə yoluxanların 37 %-i isə 70 yaş və üstüdür. Bunu isə İtaliya mətbuatı yazır. 
 
 Qəribə də odur ki, bu gün daha çox yaşlıların  virusa yoluxma və həyatını itirməsi ilə bağlı oxuduğum materiallarda yazının əvvəlində onların timsalında nümunə gətirdiyim uşaqların "ah”larının, çəkdiyi ağrıların, hayqırtılarının  yerdə qalmaması ilə bağlı fikirlər var.  Əminəm, aranızda "elə şey ola bilməz”, "bunlar boş bağlılıqlardır”, "bunun onunla heç bir əlaqəsi yoxdur” deyənlər kifayət qədər çoxdur. Amma gəlin, bir sakitcə düşünək. Niyə də ola bilməz?
 
Bu dünyanın nizamını biz, insanlar pozmadıqmı? Yaradana qarşı çıxaraq, onu qəbul etməyərək, insan öldürərək, valideynimizin qatili olaraq, uşağımıza təcavüz edərək, Allahdan sonra ikinci yaradana- anaya şiddət edərək, atamızı qocaldığı üçün küçəyə ataraq, var-dövlət , vəzifə üçün hər kəsi tapdalayaraq, daha böyük miqyasda  ərazi, bir qarış torpaq üçün uşaqları öldürərək və s,  və ilaxır.
 
O qədər uzatmaq olar ki dünyada etdiyimiz pislikərin siyahısnı. Niyə də onların dərindən çəkdikləri o "ah” yerdə qalsın axı...Düşündükmü bu barədə heç? Bəlkə də məni sadəlövh  adlandırıb,  inanmayasınız. Bu,  sizin biləcəyiniz işdir. Amma  nə qədər ki evdəsiniz, düşünməyə vaxtınız var, fikirləşin. Mövlanənin bir sözü var. 
 
"Bəla başına yağış kimi yağırsa, yaradan səndən dua istəyir”- deyir  Şərqin ulu dühası... Demək ki, insan olaraq azğınlaşmışıq. Unutmuşuq hər şeyi. "MƏN”imizi düşünməkdən bu gözəl dünyanı necə pisə doğru dəyişməyimizin fərqində belə olmamışıq. Azadlığımızın, sağlımızın, sevdiklərimizin qədrini bilməmişik. Təbiətin bizə bəxş etdiklərinin əslində bir möcüzə olaraq görməmişik, görmək istəməmişik. Bu virus indi hər birmizin, bəşəriyyətin düzənini dəyişib. İndi hamımız hər şeyə həsrətik. Artıq dəyərini bilməyə başlayırıq həyatın.  Küçəyə rahat çıxmaq, nəqliyyatda basabasda getmək, valideynlərimizi, sevdiklərimizi qucaqlamaq,  dənizin gözəlliyini duymaq, dalğasını eşitmək ən sadə, gündəlik etdiklərimizdi bunlar. İndi bu sadə məqamlar həyatımız üçün mürəkkləşib, əlçatmaz olub...  

Çoxumuz bu bəlanın imtahan olduğunu artıq dərk edirik. Bəs görəsən, anlamağımız həyatda qalmağımız üçün kifayətdirmi? Bu sual mənə də qaranlıqdır...Və sonda məni çox ağrıdan bir məqamla yekunlaşdırıram fikirlərimi.
 
Dostlarımın  həmişə mənə " sən müharibə dövrü görməmisən, Qanlı yanvarı, Xocalıda yaşananları bilməmisən, o dövrün çətinliklərini eşidə bilərsən, amma yaşamamısan ( 1993-cü ildə anadan olmuşam) deməyi çox düşündürürdü. Bəzən o qədər dərinə gedirdim ki, içimdə özümü qınayırdım ki, mən o çətinliyi niyə görməmişəm, niyə onların yükünü paylaşa bilmirəm. Halbuki bu mənim günahım deyil.
 
Amma mən və bizim nəsil, bizdən sonra gələnlər, fikrimcə, daha ağır, çətin "müharibə”yə şahid olduq,  onu yaşadıq. Çünki bizdən böyüklərin yaşadıqları müharibədə düşmən məlum, ölümün hardan, kimdən gəldiyi də məlum. Biz də vəziyyət daha acınacaqlıdır. Bizim dövrün "müharibə”si sevdiklərimizi özümüzün vasitəsilə öldürür.
 
Özü də bilmədən, istəmədən. Bu insanlıq adına ən böyük vicdan yüküdür, məncə. Nə qədər paradoksal olsa da, sevdiklərimizi qorumaq üçün onlardan uzaq olmalıyıq. Bax, elə ən böyük ağrı da budur. 
 

 


 


OXŞAR XƏBƏRLƏR