- Mikayıl Güləddinoğlunun televiziya karyerası necə başlayıb?
- Televiziyaya gəlməyi orta məktəbi bititrəndə planlaşdırmışdım. Buna görə də 3-cü qrupa imtahan verəndə siyahıda birinci yerdə jurnalistika, ikinci yerdə isə Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) fakültəsini yazdım. Və 465 balla Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Qəbul olunduğum ildən dövlət televiziyasına getməyə başladım. Nitq, danışıq dərsləri almaq istəyirdim. Radioda görkəmli diktorlarmızdan birinin yanına getdim. Məndən soruşdu ki, səni kim göndərib? Dedim, heç kim, özüm gəlmişəm, istəyirəm mənə danışıq dərsi keçəsiniz. O isə məni qovaraq “qapını çöldən bağla”, dedi. Bu ifadə hələ də qulağımdadır. İndi bilmirəm o diktor yaşayır, ya yox. Amma orada mənə köməklik edənlər də oldu. Aparıcı Nəsimi və Rafiq Həşimovdan səmimilik gördüm və onlardan nələrsə öyrənməyə çalışdım. Universiteti bitirənə kimi ora gedib-gəlim. Sonra universiteti bitirdim və hərbi xidmətə yola düşdüm. Xidmətimi Füzuli rayonunda, düşmənlə 200 metr məsafədə keçmişəm. Kişilik məktəbini bitirib qayıtdım. 20 gün idi ki, gəlmişdim ki, o zaman taksi sürüüsü işləyən atam Gənclik metrosunda Elçin Əlibəyili ilə rastlaşıb. Elçinlə də mən univeristetdə yaxın dost olmuşuq. Elçin atamdan məni tecili axtardığını deyib. Nə isə, biz Elçinlə görüşdük. O, məndən ssenari yazmağımı istədi. Çünki, nəinki Elçin, eləcə də bizə dərs deyən Natiq Rəsulzadə, Aydın Dadaşov da mənim yaxşı ssenari yazmaq bacarığım olduğunu bilirdilər və bəyənirdilər. Elçin mənə dedi ki, 5-6 adam ssenari verib,onlardan biri qəbul olunacaq. Bu ssenari mənim üçün önəmli idi, taleyimi həll edəcəkdi. O zaman Hüseyn Dəryanın “Kef elə” mahnısı dəbdə idi. Mən də ona uyğun “Tez elə” adlı adlı ssenari yazdım. Qəbul olundu. “Zarafatyana” verilişində işə qəbul olundum. 2002 ci ildə. SOY prodakşında və ATV-də bir çox verilişin ssenarisini mən yazırdım.
Dilarə Əliyeva, Tünzalə, eləcə də Uliviyyənin özü təsdiqləyə bilər ki, onların ssenarilərini A-dan Z-yə qədər mən yazırdım. Amma bu bir həqiqətdir ki, mənim televiziya məktəbim “SOY prodakşın”dan başladı. Mənə televiziya yolunu tanıdan Elçin Əlibəyli olub. Bunu danmaq olmaz. Sonrasını isə öz zəhmətimlə qazanmışam.
- Space televiziyasında gəlişin necə oldu?
- Space televiziyasına ilk dəfə “Dubl-Bom” verlişinin ssenaristi kimi dəvət etdilər. Gəldim, yazdım, alındı. Eyni vaxtda, digər televiziyayla da əməkdaşlıq edirdim. Çox çalışırdım ki, Anamın arzuların yerinə yetirim. 14 il kirayədə, qapılarda qalmışıq. 14 yaşıma kimi mən elə bilirdim insanların evi olmur, onun-bunun qapısında qalmalıdır. 14 yaşımdan sonra mən işləməyə başladım, həm də məktəbdə oxuya oxuya. “Razin”dəki bazarda şampun satmışam, müxtəlif zavodlardan alıb bazarda əldə satırdım.
Universiteti dama-dama pençəkdə bititdim- Belə görürəm çox çətin uşaqlıq və gəncliyin olub...
- Tələbə yoldaşlarımdan soruşa bilərsiniz, 4-cü kursa kimi mənim əynimdə isti paltar əvəzinə bir dama-dama pençək olub. 4-cü kursu bu dama-dama pencəkdə bitirdim. Kimsə deyə bilməz ki, Mikayılı kurtkada gördük. Şəkil çəkdirəndə uşaqların kurtkasını alıb geyinirdim ki, yadigar qalır. İndi də şəkillərə baxanda deyirəm filan kurtka Anarın, filan isə Şakirindir. Danmıram da.
İlk maaşıma Anamın üzüyünü aldım
- 9-cu sinifdə oxuyanda məktəbdən evə gəlib ağladım ki, mənə kurtka alın. Hansı ki, o vaxt həmin geyimdən hamı geyinirdi. Mən də istəyirdim. O qədər ağladım ki, anam getdi üzüyünü satdı mənə kurtka aldı. Məndə SOY-da işləyəndə aldığım ilk maaşa, 50 dollara getdim anama üzük aldım.
Təzyiqim düşdü metronun içində yerə yıxıldım
- Çox çalışırdım. Hətta bir dəfə Nəsimi metrosundan qaça-qaça çıxdım, tər-su içində o biri verlişə qaçırdım. Hətta o qədər taqətdən düşdüm ki, təzyiq düşdüyündən metronun içində yerə yıxıldım. Bütün bunlara baxmayaraq işləməliydim, çox işləməliydim. Bilirdim ki, ailəni mən dolandırmalıyam. Atam infarkt keçirmişdi, işləmirdi. Anamın xususi bacarığı yox idi ki, nəsə etsin. Həm də vaxt çatmışdı, ailə də qurmalıydım. Şükür ki, bacardım.
“Sevimli Şou”nun döşəmə siləni də özüməm- Özün dediyin kimi bir çox verilişlərdə işləsən də, hamı səni “Sevimli Şou”yla tanıdı.
- Mən verlişlərimin hər bir işini özüm görürəm. Müğənniylə danışıb özüm qarşılayıram. Hətta verlişin döşəmə siləni də özüməm. Çünki, işimə məsuliyyətlə yanaşıram. Nəsə problemin yaranmasına qətiyən imkan vermirəm. “Sevimli Şou” mənə hər şey qazandırdı. Çox maraqlıdır, verlişə ağız büzənlər, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar var. Bəs, niyə mənim qabağımı kəsib demirlər ki, Mikayil niyə belə edirsən? Necə ola bilər ki, ayın 30 günü məni el şənliklərinə çağırırlar? Məni sevmirlərsə niyə bölgələrə gedəndə ayağımın altında qurban kəsirlər? Bibimdi, xalamdı, dayımdı? Çoxunun “qıjı”, “kəntoş” dediyi Mikayılı Allah haqqı sevirlər. Sevməsələr baxmazlar. Verlişimə 500-dən çox adam gəlir. Mügənni var ki, 500 adam yığa bilmir. Space-in həyətinə gəlsinlər, efir vaxtı nə qədər adamın toplaşdığını görsünlər. Nəinki paytaxtdan, bölgələrdən, xaricdən də gəlirlər. Məndə siyasət yoxdu. Mənə sataşan adamı yerində tuturam, vururam. İdmana getməmişəm, amma vururam. Gecə yata bilmərəm, həmin adamı boğmasam. Aparıcı Zabir mənə sataşmışdı. Sosial şəbəkədə mənim ünvanıma “kəntoş”, “qıjı”, “geridə qalmış”, nə bilim daha nələr yazmışdı... Dözmədim. Getdim dalınca, üzr istədi qabağımda. “Duxun” çatmırsa, mənim qabağımda nə atılıb-düşürsən?!
- Yeri gəlmişkən, verilişini sosial şəbəkələrdə çox vaxt “palatka toyu” adlandırırlar. Bu səni narahat edirmi?
-Desinlər, qadasın alım onların. Arxamca nə deyirlər qoy desinlər. Üzümə deyən yoxdu. Üzümə deyəni bilsinlər ki, vuracam. Kişilərə aiddi bu. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılin verlişi pisdir. Çünki, mənim verilişimə uşaqlar da, analar da, atalar da baxa bilərlər. Mən verilişimdə göstərmirəm ki, ay kişilər nazlanın. Bilmirəm niyə bizim bəzi kişi aparıcılar efirdə nazlanırlat. Kişi hara nazlanmaq hara?! Dəbdi bu?
- Verilişinə indiyə qədər çağırdığın qonaqlardan, müğənnilərdən imtina edəni olubmu?
- Çağırdığım qonaqlardan Briliyant xanım gəlməyib. Səbəbi də öz ansanblı ilə gəlmək istəməsi olub. Ədalət Şükürov eyni tələbi irəli sürüb. Nolar, dedim, Allah canınızı sağ eləsin. Mən ansanblımı heç kimə görə dəyişə bilmərəm. Bu gün desələr, ya “Sevimli şou”nu bağla, ya da ansanblı dəyiş. Mən o uşaqlardan ötrü verilişdəngedərəm. Mən yığdığım ansanbılın yolunda ölərəm. Sanmıram ki, Azərbaycan incəsənətində o boyda mərdlikdə musiqiçilər var. Verlişi bəyənməyib gəlməyənlər olmayıb. Bəyənməyənlərə demək istəyirəm ki, Mikayılın verilişinə Könül Xasıyeva, Sabir Abdullayev gəlib. Verilişi bəyənməyənlər özlərini onlardan artıq görürlər? Bu gün sırğa taxanlara elit deyirlər. Mən sırğa taxanı çağırsam, sabahısı mənə şübhə edərlər.
- Efir zamanı yaşadığın ən məraqlı və çətin məqamları xatırlaya bilərsənmi?
- Çətin məqama efir zamanı lirikaya üstünlük veriləndə düşürəm. O gün Tacir Şahmalıoglu oxuyanda gözlərini yumub oxuyurdu. Mən də reklama keçməliyəm. Bu da gözlərin açmır ki, mən keçim reklama. Həm də lirikayla yanaşı, təsnif də olmalıdır ki, əyləncəli olsun. Amma tez bir zamanda belə məqamları yoluna qoyuram, mənim üçün çətin məqam yoxdur. Əsgərlikdə dırnagımdan təpəmə qədər səpmişdim. Bütün uşaqlar səpmişdilər, amma mənim vecimə deyildi. Deyirdim ki, bu keçəcək, onsuz da keçəcək. Cətin məqama düsəndə men hec vaxt darılmıram, onsuz da keçəcək. Her şey insan üçündür. Xəstələnmək də, gülmək də insan üçündür.
Bəyazit Öztürkü hasardan çağırıb saxladım
- Space-də daha hansı verilişlərdə çalışmısan?
- Space kanalında hazırladığım “Olduğun kimi ol” verlişim çox uğulu oldu. Verlişin ilk buraxılışına Allah qəni-qəni rəhmət eləsin, Hüseyn Dəryanı sevgilisi Aynur adlı xanımla çağırdım. Hüseyndən xəbərsiz onun həyat yoldaşı da gəldi. Aləm qarışdı bir-birinə. İlk buraxılış 14 reytinq verdi. Bu da kifayət qədər yaxşı reytinq idi. İkinci buraxılışın reytinqi 17 oldu. Artıq məni metroda əllə göstərirdilər. Bundan sonra SOY-dan çıxdım. Halallıqla. Space-də eyni vaxtda “Bazar” verilişinin ssenarisini yazırdım. “Olduğun kimi ol”-u o qədər həvəslə hazırlayırdım ki, öz vəsaitimlə, kimsənin köməyi olmadan operatoru götürüb getdim İstanbula. Təyyarədən düşdüm, fikirləşirəm nədən başlayım. Operator da dəqiqəbaşı deyir, “Allah sənin evini yıxmasın, biz burda neyləyəcəyik. Kimi tapacaqsan burda?”. Dedim, tapacam. Həmin gün də “Bəyaz Şou” vardı. “Kanal D”-nin yerini soruşub öyrəndim. Getdim ora. Bəyazit Öztürkün gəlməyini gözlədim. Qara X6-da gəldi. Hasarı açdılar, bu keçdi içəri. Mənim ona yaxınlaşmağa heç fürsətim olmadı. Bilmədim neyləyim. Bağlı hasarın aralarından əllərimi uzadıb çağırdım Bəyaziti. Dedim, “Mən Azərbaycandan gəlmişəm, jurnalistəm, sizdən müsahibə götürmək istəyirəm”. Bəlkə də o mənim nə dediyimi eşitmirdi, sadəcə qışqırdığımı gördü və mənə yaxınlaşdı. Dedim, “ Bəyazit bəy siz mənə müsahibə verməsəniz məni işdən çıxardacaqlar”. Razılaşdı. Dedi, “Axşam gəl”. Gözlədim axşam oldu, bizi içəri buraxdılar. Həmin gün verlişin qonaqları Murad Boz və “Möhtəşəm Yuzyıl” serialının baş rol aktyorları idi. Bəyazitdən də müsahibə aldım, qonaqlarından da. Murad Bozdan o zamanın reytinqli teleseriallarından olan “Öylə bir keçər zaman ki” serialının setinə getməmizə kömək etməsini xahiş etdim. Bizə köməklik göstərdi. Getdik, orada da Ali kaptandan, Cəmilədən, əsas obrazlardan müsahibə götürdüm.
- Space-ylə Mikayılı bu gün bir-birinə yalnız “Sevimli şou”mu bağlayır. Telekanalın efirində özünü başqa nə kimi layihələrdə görürsən?
- Məni Space-ə bağlayan səmimilikdir. Space kanalının rəhbərliyindən gördüyüm səmimiyyəti heç bir rəhbərlikdən görməmişəm. Mənim işləyə biləcəyim layihələrə gəldikdə isə deyə bilərəm ki, yalnız bu tipdə veriliş ola bilər. Çünki mən bu qəlibdəyəm. Mən şəhərdə, Nərimanov rayonunda böyümüşəm. 45 saylı məktəbdə oxumuşam. Amma mənə rayon camaatı yaxın olub. Səbəb isə səmimiyyətdir. Saxta deyillər. Məni heç zaman təqdimetmə mərasimlərində görə bilməzsiniz. Hamısı saxtadır. Mənəm- mənəm deyib gündəmdə olanların hamısı saxtadır. Buradan komplement deyib, o biri tərəfdən dalınca danışırlar. Sevmirəm onları. Bəzən deyirlər, Mikayıl verilişinə nə üçün bu tip müğənniləri çağırırsan? Sevirəm onları. Qadasın alım Tacirin, Manfın, Elnarə Abdullayevanın,Yusif Mustafayevin. Çünki onlar səmimidirlər. Yalançı deyillər. Mən sevmirəm qırmızı şalvar, sarı ayaqqabı geyinənləri . İndiyə kimi deyə bilməzlər ki, Mikayıl üzünə qrim edib. Ola bilməz. Ən azından mənim iki qızım var, sabah qoy desinlər ki, ataları Mikayıldır. Daha yox, dodağını şişirdən , qırmızı şalvar geyinən Mikayılın qızlarıdır. Olmaz, mümkün deyil. Sabah məni işdən çıxarsalar gedib daş daşıyaram. Mənim uşaqlarım bilməməlidir ki, ata işıq, su pulunu ne vaxt verdi. Uşaqlar problem bilməməlidr.
- Özünü sosial - siyasi verlişdə təsəvvür edirsənmi? Belə xarakterli veriliş apara bilərsənmi?
-Yox, mənə gülməli gəlir, deyəndə ki, siyasi verliş hazırlayacam. Özümü elə verlişdə tapa bilmərəm. İnsan özünü harda tapırsa, orada olmalıdır. Mənim bir prinsipim var, DE, GÜL, OYNA. Çünki sən bir dəfə gəlirsən həyata. Çalışmışam həmişə Anamı xoşbəxt edim. Mən indi xoşbəxtəm ki, Anam xoşbəxtdir. Öz gücümə anamı kirayədən çıxarmışam,ev almışam, evinin xanımı etmişəm. Atama maşın alıb vermişəm, day işləmir, qoymuram da işləsin. O da vaxtilə əziyyət çəkib, məni böyüdüb. Atam internatda böyüyüb nə Anası, nə Atası, nə də ki, bacı-qardaşı var. Əziyyətlə məni 16 yaşına kimi çatdırıb. Mən onun qarşısında baş əyirəm.Bundan sonra mən etməliyəm?! Anama, Atama, iki qızıma, ailəmə, bacıma görə yaşayıram. Bacım ailəlidir, yeri gələndə ona da arxa-kömək oluram. Həkimə getdim, məndə hepatit aşkarlanıb. Qaraciyərimdə problem var. Bilirəm ki, vur-tut 20 ilim qalıb.
- Bir az efirdən kənardakı Mikayılı da tanıyaq. Ailə vəziyyətin necədir? Mikayıl necə ailə başçısıdır?
- Ailə həyatımı 30 yaşımda qurmuşam. 2011-ci ildə. Atamın xalası nəvəsi ilə.Qonaq getmişdik orda gördüm. Yoldaşım məndən 13 yaş kiçikdi. Onu mən balaca olanda “kalyaskada” gəzdirmişəm. Əgər qadına diqqət ayırdınsa, istədiklərini etdinsə o kişinin istədiyi kimi ola bilər. Əgər məndə bəzi şou əhli kimi barlarda gəzib gecənin bir yarısı evə getsəm əlbəttə xanımım məndən üz döndərər.
- İlk baxışdan sevgi, yoxsa dostluqdan doğan sevgi. Hansını yaşamısan?
- İlk baxışdan sevgi . Gördüm, bəyəndim və dedim ki, o mənin olmalıdr.
- Uşaqlıq, yoxsa gənclik ...Hansı sizə yaxındır?
- Gənclik mənə daha yaxındır. Çünki uşaqlığım çətin keçib, onun -bunun qapısında. Ev sahibi gözümün qabağında Anamı o qədər ağladıb ki... Mən uşaqlıq etməmişəm, qorxmuşam ki, ev sahibinin uşağı nəsə deyər dava düşər. Gəncliyim isə əla keçib, azad olmuşam.