Dövlət başçısı: "Çin bazarında daha çox payımızın olmasını istəyirik"

Dövlət başçısı: "Çin bazarında daha çox payımızın olmasını istəyirik"
SİYASƏT
13:55 26.04.2025
235
Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır.

Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

"Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik", - deyə o qeyd edib.

Dövlət başçısı Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsi barədə də danışıb və deyib ki, Azərbaycan üçün bu təşəbbüs yalnız tranzit marşrutu deyil: "Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki coğrafi mövqeyimiz əlverişlidir, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır".

"Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər və onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər", - deyə İ.Əliyev əlavə edib.
OXŞAR XƏBƏRLƏR