Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi. Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Qubadlının işğaldan azad olunması bir neşə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş və yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi.
İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi.
Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildikdən sonra, oktyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhəri düşməndən tamamilə təmizləndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabr ayının 26-da "Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.
Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək göstərən qürurlu xalqımızın birliyi sayəsində zəfər qazandıq.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı. "Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.
Naftalan şəhər sakini Səbuhi Qasımov