Xəbər verdiyimiz kimi noyabr ayının 9-dan - 16-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “UNİMA”nın dəstəyilə “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festıvalı öz işinə start verəcəkdir.
Teatrın mətbat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, festival çərçivəsində nümayiş olunacaq tamaşalardan biri “Asılmış vəziyyətdə” adlanır. Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) tamaşası olan “Asılmış vəziyyətdə” Azərbaycan “British Coucil”un təşkilatçılığı ilə noyabr ayının 10-da saat 14.00 və 18.00-da Azərbayan Dövlət Gənc Tamaşaçılar Teatrında göstəriləcəkdir.
Noyabr ayının 8-də saat 18:30-da layihənin təşəbbüskarı və təşkilatçısı Yarat müasir incəsənət məkanında (Yay galereyasında) bütün incəsənətlə maraqlanan şəxslər üçün tamaşanın quruluşçu rejissoru Stefan Motram tərəfindən müzakirələr həyata keçiriləcəkdir.
“Asılmış vəziyyətdə” adlı kukla tamaşası insan hərəkətləri xırdalıqlarının diqqətlə izlənməsinə əsaslanır. Sadəliyindən irəli gələn eleqantlığa malik bu tamaşa yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tərəfimizdən hiss olunmasını dəyişdirir. Tədricən, ifaçı tamaşaçıları bu fərqli qayda qanunlara malik olan, sehrli, məzəli və poetik paralel aləmə çəkib aparır. Tamaşada söz yoxdur və yalnız kuklalar maraqlı hərəkətlər edir, dinamik musiqi isə tamaşaçıların diqqətini çəkir. Tamaşa böyüklər üçün nəzərdə tutulmuşdur, amma dinməz halda diqqətlə səhnəni izləyə bilən hər kəsə də maraqlı gələcək. Tamaşa üçün beynəlxalq dil maneələri mövcud deyil, çünki tamaşada söz ifadələrindən istifadə olunmamışdır.
Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti istedadlı rejissor haqqında yazır: “Motramın kukla oynatmaq bacarığı və Qli Perinin əla elektron musiqisi, o cümlədən müxtəlif musiqi janrlarından götürülmüş bəstə parçaları və tanınmamış yazıların qarışığı, kiçik müstəqil aləmlər yaradaraq tamaşaçıları asılmış vəziyyətdə olan, sürpriz və hərəkətlərlə dolu bu aləmlərə çəkib aparır”...
Stiven Motram öz teatr əsərlərinin ifasına əlavə olaraq (qastrollar 40-dan çox dünya ölkəsində keçirilmişdir), Avropanın bir sıra kollec və teatr məktəblərində hərəkət və manipulyasiyalar üzrə dərs deyir. O, İtaliyanın Pinerolo şəhərində MAAF Akademiyasının daimi müəllimidir.