Dövlət Gənc Tamaşaçılar Teatrında böyüklər və kiçiklər üçün sürprizlər... - FOTOLAR

MƏDƏNİYYƏT
17:14 21.10.2013
1699

Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “UNİMA”nın dəstəyilə ikinci il keçirilən “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festıvalı 9-16 noyabr 2013-cü ildə öz işinə start verəcəkdir.

Teatrın mətbuat xidməti ndən AZXEBER.COM-a verilən məlumata görə, festivala təqdim olunacaq tamaşalar rəngarəngliyi və janr müxtəlifliyi ilə bu dəfə daha maraqlı olacaqdır. II Beynəlxalq Kukla Teatrları Festivalında bu dəfə dünya ölkələrinin aparıcı Kukla Teatrları yalnız uşaqları deyil, böyük tamaşaçıları da maraqlandıran kukla tamaşaları təqdim edəcəklər.

Festival çərçivəsində tamaşalar Azərbaycan Dövlət Kukla Teatrının, Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaqdır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, Azərbaycandakı Britaniya Konsulluğu Dövlət Gənc Tamaşaçılar Teatrında Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) “Asılmış vəziyyətdə” tamaşasını noyabr ayının 10-da saat 14.00 və 18.00-da təqdim edəcəkdir.

İnsan hərəkətlərinin xırdalıqlarının diqqətlə izlənməsinə əsaslanan “Asılmış vəziyyətdə” yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tamaşaçı tərəfindən hiss olunmasına imkan yaradır. Tamaşanın gedişatında ifaçı tamaşaçının özünəməxsus qanunlara malik olan poetik və sehrli aləmə daxil olmasına nail olur.

Sözdən istifadə olunmayan tamaşada kuklaların maraqlı hərəkətləri dinamik musiqi ilə müşaiyət olunur. Səhnə əsəri böyüklər və ümumilikdə səhnəni diqqətlə izləyə bilən hər kəs üçün nəzərdə tutulmuşdur.

Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim edəcəyi ikinci tamaşa Teatro Verde Burattini (İtaliya) “Bir kral var idi...” tamaşasıdır. Tamaşa 11 noyabr 2013-cü il, saat 18.00da nümayiş olunacaqdır.

Festivalın digər tamaşası isə 13 noyabr 2013-cü il saat 12.00da təqdim olunacaq “Günyol”Marionet Teatrının (İsveçrə) “Mən danışmaq istəyirəm”dir.

Kukla tamaşaları həvəskarları və teatrsevərlərin diqqətinə çatdırırıq ki, tamaşalara giriş biletlədir. Biletləri şəhərimizin bütün teatr-tamaşa müəssisələində fəaliyyət göstərən mərkəzləşdirilmiş kassalardan əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR