AZXEBER.COM-un verdiyi məlumata görə, həmin yazıda istehlakçı hüquqlarının qorunması ilə məşğul olan İqtisadiyyat Nazirliyi sərt tənqid olunub.
İqtidar mediasında məmurların, nazirlərin vaxtaşırı tənqid olunması hallarına rast gəlinir. Dövlət qəzetləri nadir hallarda vəzifəli şəxsləri tənqid edirlər. İqtisadiyyat naziri Şahin Mustafayev də bu dəfə hədəfə alınıb.
Rəsmi qəzetlərdə nazirlərin tənqid olunması heç də baş redaktorun və ya jurnalistin mövzu seçimi ilə olmur. Bu sərbəstlik onlara verilməyib. Ona görə də bir məmurun tənqid olunması yuxarı səviyyədə razılaşdırılır.
Ş.Mustafayevin "vurulması” da yuxarıdan gələn göstərişin olduğuna şübhə yaratmır. Bir müddət əvvəl "Yeni Azərbaycan” qəzeti də deputat Vahid Əhmədovdan yazmışdı.
Ulus.Az-ın verdiyi məlumata görə, iqtisadiyyat nazirinin tənqid edilməsinin səbəbi kimi məmurlara xəbərdarlıq edilməsi dayanır.
Prezident tez-tez müşavirələrdə nazirlərə, məmurlara irad tutur. Bu dəfə də ölkə rəhbərliyinin Ş.Mustafayevə irad tutduğu, onun fəaliyyətindən narazı olduğu mesajı verilib.
Prezident hər bir məmura tapşırıb ki, onları vəzifəyə təyin edəndə xalqla işləməlidirlər. Odur ki, son vaxtlar fəaliyyətindən narazılıq olan Ş.Mustafayev dövlət qəzetində təniqd edilib.
Məqalədə deyilir: "Artıq qida təhlükəsizliyi sektorundakı neqativləri aradan qaldırmaq üçün oturub tabeli qurumların, yaxud konkret olaraq İqtisadiyyat Nazirliyinin necə addım atacağını gözləməyə lüzum yoxdur.
Çünki qida təhlükəsizliyi sahəsində yuxarıda qeyd olunan mövcud prolemlərin həlli məqsədilə Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqqında” fərman imzalayıb.
Gələn ilədək bu sahədə vəziyyəti sağlamlaşdırmaq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Onlar isə göründüyü kimi, baş verənləri sakitcə müşahidə etməkdədirlər. Görəsən, bu laqeydliyin və fəaliyyətsizliyin səbəbi nədir?”
Qəzet yazır: "Lakin mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyinin sözügedən qurumuna ünvanladığımız suallar günlərdir ki, cavabsız qalır.
Nazirliyin mətbuat xidməti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilsə də, nəticədə istehlakçıların hüquqlarını müdafiə edən qurumdan qida təhlükəsizliyinin necə təmin edilməsi ilə bağlı heç bir mövqe öyrənə bilmədik.
Əslində, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki hazırkı kritik və böhranlı vəziyyəti İqtisadiyyat Nazirliyinin və tabeli qurumunun insanların sağlamlığı üçün belə bir həssas məsələyə biganəliyini və müəmmalı susqunluğunu anlamağa imkan verir.