Dövlətimiz regionda dayanıqlı sülh istəyir

SİYASƏT
11:28 05.02.2024
410
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.
Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasında mümkün sülhün baş tutmasına mane olan səbəbləri göstərdi. O, ilk növbədə yaxın tarixə ekskurs edərək artıq mövcudluğunu dayandırmış Minsk Qrupunun 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmadığını, keçmiş həmsədrlərin Ermənistana qətiyyən təzyiq göstərmədiklərini və işğalçı ölkəyə müvafiq sanksiyalar tətbiq etməkdən yayındıqlarını M.Çunqonqun diqqətinə çatdırdı. Həmsədrlərin fəaliyyətsizliyinin nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi.
Son illər Azərbaycanın dünya birliyindəki nüfuzu xeyli artıb. Xüsusilə, Vətən müharibəsindən və ötən ilin sentyabrında bir günlük antiterror tədbirlərindən sonra ölkəmizə qarşı əsassız təzyiqlərin sayı daha da artıb. Azərbaycanın inkişafını və tarixi Qələbəsini, habelə ərazi bütövlüyün və suverenliyini bərpa etməsini həzm edə bilməyən Qərbin və Avropanın bir sıra ermənipərəst dairələri, həmçinin qərəzli, ələbaxım beynəlxalq təşkilatları ölkəmizə qarşı saxta, qeyri- obyektiv qətbnamələr qəbul edir, bununla da ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Təbii ki, bütün bunlar Azərbaycanı öz mövqeyindən döndərə bilməz. Bəzi beynəlxalq təşkilatların siyası riyakarlığı onların iç üzünü açır və ikili standart mərəzindən xilas ola biməmələrini bir daha təsdiqləyir. 
Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. 
Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.

Naftalan şəhər sakini Arzu Məmmədov

OXŞAR XƏBƏRLƏR