Mobil telefon danışıqlarının, sosial şəbəkələrin ABŞ xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə izlənildiyini üzə çıxarmaqla böyük qalmaqal yaratmış Eduard Snouden bu gün virtual olaraq Avropa Şurasında çıxış edib.Moskvadan videobağlantı ilə Şurada gedən iclasa qoşulan Snouden 30 dəqiqə ərzində “kütləvi izləmələr” barədə ifadə verib. Rusiyada müvəqqəti sığınacaq almış keçmiş ABŞ xüsusi xidmət orqanı əməkdaşı məlumatların geniş miqyaslı şəkildə dünyanın iri kəşfiyyat xidmətləri tərəfindən toplanıldığını və bunun üçün müvafiq ictimai qurumlardan icazə belə alınmadığını dilə gətirib.Snouden bildirib ki, potensial cinayətlərə qarşı və ya digər şübhəli məqamlara görə, sözün həqiqi mənasında trilyonlarla şəxsi danışığın və ya virtual ünsiyyətin yoxlanılması insan hüquqlarına ziddir, şəxsi həyat toxunulmazlığını pozur.