05:46 şənbə, 07 Dekabr 2019
TOP4

Əflatun Amaşovdan vacib təklif: “Azərbaycanda diffamasiya dekriminallaşsın!”

14:04, 30.09.20193395
Əflatun Amaşovdan vacib təklif: “Azərbaycanda diffamasiya dekriminallaşsın!”
"İstərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər diffamasiya qanunu olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”. 


AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, Azərbaycanda internet media orqanlarının sayı çoxalır, bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir: 

"Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu, bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik müəyyən texniki məsələlər var. Tutaq ki, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və s. məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək. Bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə onlayn KİV nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”. 

Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu vacib sayır: 

"Düzdür, Milli Təhlükəsizlik Konsepsiyasında informasiya təhlükəsizliyinə diqqət yetirilir. Ancaq bu diqqət epizodikdir, mahiyyəti tam açmır. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada "dövlətlərin milli təhlükəsizliyi” dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır.  Onda təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək".
XƏBƏR LENTİ