“İndiyə kimi belə insan qrupları görülübmü ki, İbrahimbəyovu prezident kimi təsəvvür etsin?”
“Əgər İsa Qəmbər Milli Şuranın vahid namizədi olmayacaqsa, nə üçün 20 ildir Müsavat partiyasına başqanlıq edir? Əgər bir kino-rejissor İsa Qəmbəri belə üstələyəcəksə, Stiven Stilberq daha yaxşı namizəd olardı. Çünki beynəlxalq titullu şəxsiyyətdir və mühüm nailiyyətlər qazanıb”.
AZXEBER.COM xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Millət vəkilinin sözlərinə görə, siyasətdən xəbərsiz kino rejissor Rüstəm İbrahimbəyov Azərbaycan xalqının gələcəyini müəyyənləşdirə bilməz: "Milli Şura nifaq alması, yəni əvvəllər konfiliktləri olan şəxsləri və ya partiya rəhbərlərini bir araya toplayan qurumdur”.
Z.Oruc vurğulayıb ki, Milli Şuranı hökumət alternativi və ya hakimiyyət modeli kimi qələmə vermək yalnışdır: “Vahid namizəd məsələsi bu qurumun sabahını müəyyənləşdirən problem deyil. Doğrudur, bu məsələ də dilemma kimi onların qarşısında dayanıb. Tutaq ki, Milli Şura vahid namizəd məsələsini həll etdi. Nə baş verəcək? Azərbaycan xalqı R.İbrahimbəyovu lider kimi qəbul edib onun arxasınca gedəcək? Ümumiyyətlə, siyasi həyatda hər bir məsələnin reallıq əmsalı götür-qoy olunur. İndiyə kimi belə insan qrupları görülübmü ki, R.İbrahimbəyovu prezident kimi təsəvvür etsin? Milli Şuraya toplaşan adamlar nə ağılla R.İbrahimbəyovun rəhbərliyini həzm edərək çevrəsində toplaşıblar? Həmin şəxslərdən irəli çıxıb deyən yoxdurmu ki, bu illər ərzində ora toplaşan partiya rəhbərlərinin başqanlığı nədən ibarət olub?”
Millət vəkili hesab edir ki, Milli Şura bu kimi konfiliktli insanları bir araya toplamaqla cəmiyyətdə maraq yaradırlar: “Amma real həyatda xalqın onlardan xüsusi gözləntisi yoxdur”.