Bu sözləri Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edərkən dedi. Cənab Prezident bird aha bildirdi ki, 44 günlük müharibədə tarixi qələbə qazanmaqla milli ləyaqətimizi bərpa etdik. Bu gün xalqımız müzəffər xalq kimi yaşayır. Bu tarixi qələbənin qazanılması birbaşa olaraq Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində oldu. Cənab Prezident bu siyasətlə beynəlxalq arenada öz nüfuzunu bir daha sübut etdi. Elə təkcə müharibə dövründə dövlətimizin başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verdi. Bu, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün vacib amillərdən biri idi ki, president təkbaşına bu işin öhtəsindən gəldi.
Qələbənin qazanılması üçün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandanın arxasında idi və bütün Azərbaycan bir yumruq kimi birləşdi. Prezidentin də dediyi kimi, hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur:
"Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.
Nəyin bahasına olursa, olsun, biz bu qələbəni qazanacaqdıq və qazandıq. Prezidentin, xalqın, Ordunun birliyi hesabına Azərbaycan 30 illik həsrətə son qoydu. Torpaqlarımızı geri qaytardıq, "Böyük Qayıdış” başladı. Azad edilmiş ərazilər yenidən qurulmağa başladı, 30 ildir boz torpaq kimi qalan ərazilərdə artıq çiçəklər açmağa başladı. Yeni yolların çəkilməsi, "Ağıllı kənd” layihələri sürətlə davam etdi.
İndi bütün dünya anlayır ki, Qarabağ Azərbaycan torpağıdır və biz bu torpaqları düşmən tapdağından xilas etdik. Artıq qazandığımız tarixi qələbənin ikinci ilidir. Amma Ermənistan bu ağır məğlubiyyətlə hələ də barışa bilmir. Bu səbəbdəndir ki, Qarabağdakı erməni dəstələri ara-sıra təxribatlara da əl atır və bununla Azərbaycanın qazandığı qələbəni həzm edə bilmədiklərini göstərirlər. Amma bu cür təxribatların ermənilərə heç bir müsbət təsiri yoxdur. Əksinə bununla onlar sülh sazişinin tarixini uzadırlar. Anlamaq istəmirlər ki, sülh nə qədər tez olarsa, Ermənistanın da səfalət içərisindən çıxması bir o qədər yaxın olar. Bu təxribatların qarşısının alınması, bölgədə sabitliyin qorunması həm də rus sülhməramlılarının üzərinə düşür ki, təssüf ki, onlar da öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmirlər.

"1 ildən çoxdur ki, sülhməramlıların missiyası olan sülhü, əmin-amanlığı qorumaq və müharibə etmiş tərəflər arasında qarşılıqlı etimadı bərpa etməyi bacarmadı”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşviq Cəfərov deyib.
O, qeyd edib ki, sülhməramlıların missiyası tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərməkdir:
"2020-ci il 10 noyabr bəyənatına uyğun olaraq Qarabağda sülhməramlılar yerləşdirildi. Bunun səbəbi silahlı münaqişənin qarşısının alınması və ya onun tənzimlənməsində iştirak etmək idi. Şəraitdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Ancaq bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.
Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhət sülhməramlıların qərəzsiz və neytral olması, keçid dövrünün çətinlikllərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərməkdir. Azərbaycan Rusiya ilə uzun illərə söykənən dostluq, qonşuluq əlaqələri və münasibətə əsasən sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsinə razılıq verdi".
Deputat qeyd edib ki, onların "sülməramlı” fəaliyyəti Rusiya dövlətinə vurulan ağır zərbədir: "Təəssüf ki, Ermənistan tərəfinin Laçın dəhlizindən təyinata zidd olaraq hərbi məqsədlər üçün istifadə cəhdləri var. Bu, onların ilk təxribatı deyil. Bu hissə sülməramlıların məsuliyyətindədir və bütün təxribatlara birbaşa cavabdehdirlər. Bu vəziyyət Azərbaycan ictimaiyyətini qıcıqlandırır. Çünki orada terrorçu, separatçı fəaliyyəti davam edir. Azərbaycanın aidiyyatı qurumları - Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, ictimai təşkilatlar, ictimai-siyasi xadimlər, ziyalılar dəfələrlə bu məsələlərlə bağlı etirazlarını bildirib, qınayırlar. Sülhməramlıların işi təmsil olunduqları bölgədə yaranmış problem və gərginliyin qarşısını almaqdır.
Lakin 1 ildən çoxdur ki, sülhməramlıların missiyası olan sülhü, əmin-amanlığı qorumaq və müharibə etmiş tərəflər arasında qarşılıqlı etimadı bərpa etməyi bacarmadı. Düşünürəm ki, onların "sülhməramlı” fəaliyyəti Rusiya ordusuna, dövlətinə, sülhməramlı fəaliyyətinə vurulan ağır zərbədir və bu Rusiyanın nüfuzunun itirilməsidir”.

Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında isə bildirib ki, ermənilərin əl atdığı təxribatlar heç nəyi dəyişmir:
"Ermənilərin əl atdığı bu təxribatlar heç nəyi dəyişmir. Mövqelər aydındır. 10 noyabr sazişinə görə, Ermənistan qol çəkdiyi sənədə və verdiyi vədlərə əməl etməlidir, başqa yolu yoxdur. Müəyyən qüvvələr var, hansı ki, daha çox Ermənstandan kənardadılar. Fransadan bir maraqlı xəbər gəldi ki, onlar Qarabağ məsələsinə bir də qayıdıb onu müzakirə etməyə hazırdılar. Bu, o deməkdir ki, Ermənistan diasporasının bir hissəsi yenə də revanşist qüvvələrə qoşulur və könülərindən başqa fikirlər keçir. Buna baxmayaraq, Azərbaycan öz boynuna götürdüyü bütün vəzifələri icra edib. Mən Allahın köməyi ilə inanıram ki, cənab Prezidentin bu cür müdrik praqmatik siyasətinin nəticəsində bu ilin axırına qədər biz Ermənistanla sülh müqaviləsi bağlanacaq. İndi Qarabağda rus sülhməramlıları da fəaliyyət göstərir, amma kimin necə fəaliyyət göstərməsindən asılı olmayaraq, cənab Prezident demişkən, dəmir yumruq hər zaman yerindədir. Amma biz hər şeyi sülh yolu ilə həll etmək istəyirik”.
Deputat həmçinin qeyd edib ki, ermənilərin bizim təklifləri qəbul etməkdən başqa çarəsi qalmayıb:
"Artıq Ermənistanda olan revanşist qüvvələri özlərini şahmat terminalogiyası ilə desək, "çuçvanq” vəziyyətinə salırlar. Bundan sonra atılan addım onları ancaq uçuruma apara biləcək. Bugünkü "Pat” situasiyasından çıxmaq üçün yeganə yol Azərbaycan tərəfinin təklif etdiyi yollardır. Sülh müqaviləsinin bağlanması, demarqasiya, delimitasiya, Zəngəzur kolidorunun açılması. Mənə elə gəlir ki, başqa yolları yoxdur. Onlar da başqa yol görmürlər, sadəcə olaraq qıcıqlandırırlar. Bu gün bütün dünyanın fikri Ukraynada gedən müharibəyə yönləndirilib. Onlar da buna görə, guya "addım” atırlar. Sonu bəllidir”.
Görünən odur ki, Ermənistan tərəfi artıq öz məğlubiyyətini qəbul etməli, Azərbaycanın bütün şərtlərinə əməl edərək sülh sazişi bağlamalıdır. Çünki Ermənistanın bundan başqa alternativi yoxdur. Onlar heç vaxt törətikləri sülh və insanlıq əleyhinə cinayətləri ört-basdır edə bilməyəcəklər. Bütün dünya bilir ki, ermənilər Qarabağda tarix boyu hansı cinayətlərə əl atıblar. Ermənistan da artıq anlamaldır ki, öz varlığı üçün Azərbaycana qarşı təxribat əli yox, sülh əli uzatmalıdır.
Prezident İlham Əliyevin də dediyi kimi "Dəmir yumruq” hər zaman yerindədir: "Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
