Xəbər verdiyimiz kimi, bu gün müxalifətdə olan bir qrup şəxs Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis edib. Kinodramaturq Rüstəm İbrahimbəyov təşkilata sədr seçilib. Keçirilən iclasda Milli Şuranın 129 nəfərlik siyahısı da təsdiqlənib.
Məsələ ilə bağlı artıq Yeni Azərbaycan Partiyasından (YAP) münasibət bildirilib. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında Milli Şuranın heç bir perspektivinin olmadığını söyləyib:
“Bəzi müxalifətdə olan şəxslərin cəmləşdiyi və bu gün təsis edilən Milli Şura adı milli olsa da, anti-milli Şuradır. İstəyir təsis olunsun, istəyir təsis olunmasın - bu Milli Şuranın heç bir perspektivi yoxdur. Onlar gündə bir partiya gəzən adamlardır, bu xalq üçün onların heç bir perspektivi yoxdur”
AZXEBER.COM portalı məsələ ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin münasibətini öyrənib. VİP sədri Rüstəm İbrahimbəyovun vasitəsi ilə quruma maliyyə yardımı ediləcəyini söyləyib:
“Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsi təəccüblü deyil, çünki təşkilata pul onun vasitəsi ilə gəlir. Bu təşkilatı maliyyələşdirən məhz Rüstəm İbrahimbəyovdur. Təbii ki, əgər pul onun sayəsində gəlirsə, demək Moskvanın maraqlarına uyğun olaraq Rüstəm İbrahimbəyov da namizəd olmalıdır”.
Ə.Əliyevin sözlərinə görə R.İbrahimbəyovun Moskva sevgisi göz önündədir. Onun fikrincə, konkret olaraq Moskva R.İbrahimbəyovun vasitəsi ilə öz siyasi layihəsini Bakıda həyata keçirmək istəyir:
“Milli Şuraya Rüstəm İbrahimbəyovun rəhbər təyin edilməsi bir daha bunu sübut edir ki, qurumun Avropaya inteqrasiyası olmayacaq. O düşünür ki, hakimiyyət dəyişdikdən sonra bunu referendum yolu ilə müəyyənləşdirmək lazımdır. Açıq-aşkar Rusiya simpatiyası olan davranışlar var. Bu da onu bir daha sübut edir ki, bu qurum Moskvanın Azərbaycanda yaratdığı yeni layihədir”.
Partiya sədri sonda İsa Qəmbərin öz namizədliyini irəli sürəcəyini söyləyib:
“Mən öz siyasi proqnozlarıma inanaraq deyə bilərəm ki, vahid namizəd olmayacaq. Zaman yaxınlaşanda İsa Qəmbər “Milli Şura”dan uzaqlaşacaq və öz namizədliyini irəli sürəcək”.
Fatimə İbrahimova