Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.
AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün:
– əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;
– satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;
– əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;
– əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;
– portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;
– həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.