Şəmiyeva reanimasiya şöbəsinə yerləşdirilib.
Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən ana Bakıya gətirilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ötən gün əkiz körpələrini doğuş zamanı itirən Gülnarə Şəmiyeva bu gün səhər saatlarında Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, G.Şəmiyeva reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində rayon sakini Gülnarə Şəmiyevanın üzərində doğuş məqsədilə əməliyyat aparan cərrah Tosif Qasımov qadının hestoz xəstəliyindən əziyyət çəkdiyini, sidiyə gedə bilmədiyi üçün ayaqlarında şiş yarandığını deyib:
“Əməliyyat bitəndən sonra xəstədə sidik ifrazı bərpa olunmadığı üçün baş həkimə müraciət etdim. Qadının Bakıda müalicəsinin davam etdirməsi üçün Səhiyyə Nazirliyinin rayona ezam olunacaq nümayəndəsini gözləyirik”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş vəziyyətdə olub. Qadında antenatal (bətndaxili) ölüm baş verdiyini deyən A.Qədirli bildirib ki, bunun səbəbləri hələ ki, məlum deyil:
“Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da antenatal ölümə səbəb olub. İlkin səbəb kimi bu göstərilir. Lakin bütün məlumatlar nazirliyin Doğuşa Yardım Komissiyasına təqdim edilib. Anada xəstəxanaya gəlmədən öncə antenatal ölüm baş verdiyi üçün hadisənin dəqiq səbəbləri Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır və nəticələr onların araşdırmasından sonra məlum olacaq”.
Faktla bağlı araşdırma aparılır.