"Sabah” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti sınağına çıxacaq. Təmsilçimiz İngiltərədə turnirin favoritlərindən olan "Mançester Yunayted”lə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Futbolsevərlər oyunu İctimai TV vasitəsilə canlı izləyə biləcəklər.
Futbol şərhçisi Orxan Sübhan AZXEBER.COM-a açıqlamasında deyib ki, "Sabah” "Mançester Yunayted” səfərindən ən azı 1 xalla qayıdacaq:
"Oyun çətin olacaq, ancaq həyatda asan nəsə var ki?! "Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas İngiltərə futbolunu yaxşı tanıyır, vaxtilə məşqçiliyin sirlərinə Mançesterin akademiyasında yiyələnib. "Qarabağ” klubundan da ötən mövsüm çox azarkeş heç nə gözləmirdi. Ən yaxşı halda evdə "Kopenhagen”i məğlub edə biləcəyimizi düşünürdülər. Ancaq "Qarabağ” göstərdi ki, bu gün futbolda güclü-zəif söhbəti qalmayıb. Kim daha çox istəyirsə, o da qazanır. Mən "Sabah”a inanıram. Ümid edirəm ki, "Sabah” "Mançester Yunayted” səfərindən ən azı 1 xalla qayıdacaq”.
Şahanə Ziyad











































