Ekspert: Trampın Putinə zəngi təsadüfi deyil

Ekspert: Trampın Putinə zəngi təsadüfi deyil
SİYASƏT
17:42 10.03.2026
223
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbətdə əsas mövzular İran ətrafındakı münaqişə və Ukrayna üzrə nizamlanma olub. Danışıq Trampın təşəbbüsü ilə reallaşıb. O, Putin vasitəsilə diplomatik kanallardan istifadə edərək gərginliyi azaltmaq və Ukrayna məsələsində irəliləyiş əldə etmək istəyib. Putin İranda vəziyyətin tez bir zamanda siyasi-diplomatik yollarla həllinə dair təkliflərini bölüşüb.

Siyasi şərhçi Asif Nərimanlı AZXEBER.COM-a açıqlamasında deyib ki, Trampın Putinə zəng etməsi bir sıra səbəblə bağlıdır:

"İranda müharibənin getdiyi vaxtda Trampın Putinə zəng etməsi bir neçə səbəblə bağlı ola bilər. Birincisi, İran-İsrail müharibəsinin uzanma ehtimalı var. Belə vəziyyətdə Amerika üçün üçüncü tərəflərin- Rusiyanın İrana dəstəyini neytrallaşdırmaq önəmlidir. Təbii ki, Rusiya açıq şəkildə İrana dəstək vermir, bu onun maraqlarına uyğun deyil. Lakin Rusiyanın müəyyən formada İrandakı hakimiyyətə dəstəyi istisna olunmur. Bu baxımdan Tramp Putinlə danışaraq Rusiyanın mümkün dəstəyini neytrallaşdırmaq və Rusiyanın ən azından müharibə məsələsində neytral mövqe tutmasını təmin etmək istəyir”.

A.Nərimanlı qeyd edib ki, Tramp Ukrayna məsələsində də Putinlə anlaşmaq niyyətindədir:

"İkinci səbəb isə İran-İsrail müharibəsinin perspektivinin tam aydın olmamasıdır. Bu səbəbdən Tramp Ukrayna məsələsində də Putinlə anlaşmaq niyyətindədir. Əslində, ABŞ administrasiyası hazırkı vəziyyətdə Ukrayna məsələsinin həllini tezləşdirmək istəyir. Çünki İran müharibəsi bütövlükdə Yaxın Şərqin siyasi mənzərəsini dəyişə bilər. Bununla bağlı müxtəlif ssenarilər mümkündür. İran parçalana, ölkədə vətəndaş müharibəsi baş verə, yaxud bu müharibə regional səviyyədə yayıla bilər. Bu vəziyyətdə ABŞ administrasiyası Ukrayna məsələsini həll etmək və Yaxın Şərqdəki proseslərlə bağlı Rusiyayla əməkdaşlığı gücləndirmək niyyətindədir. ABŞ-Rusiya əməkdaşlığı məsələləri əsasən Ukrayna ssenarisi üzərindən gedir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR