Elçin Mirzəbəyli: “Onların məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdır”

Elçin Mirzəbəyli: “Onların məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdır”
SİYASƏT
17:49 30.03.2018
4905

"Bütün bu prosesin ortaq məxrəcdən icra olunduğu göz qabağındadır. Radikal çağırışlar, söyüşlər və təhqirlər Azərbaycan cəmiyyətində ictimai qınaq faktorunu qırmaq üçün atılan addımlardır. Bildiyiniz kimi, söyüş və təhqir dialoqun bitdiyi yerdən başlanır, ondan sonra qarşıdurma və qan gəlir. İndiki halda radikal qüvvələrlə belə bir razılaşmanın əldə olunması sübuta yetirir ki, onların məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdan ibarətdir".

Bunu "Milli Şura" adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratmasını şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bu qüvvələrin əsas məqsədi ölkədə gərginlik yaratmaqdır:

"Şahidi oldular ki, sivil vətəndaşları bu istiqamətdə çəkmək mümkün deyil, onlar Azərbaycanın müstəqiliyinin də, Azərbaycanda sabitliyin də dəyərini yaxşı bilirlər. İndi isə artıq dini-radikal qrupları bu müstəviyə çəkərək ölkədə gərginliyin yaradılmasına nail olmaq istəyirlər".

 

Elçin Mirzəbəyli qeyd edib ki, bu fakt, digər tərəfdən "Milli Şura" və ora toplaşan insanların dövlətçilik anlayışları və təsəvvürlərinin yox dərəcəsində olduğunu sübuta yetirir:

"Bu günə qədər elan etdikləri ideyalar və prinsiplər də saxta olub. Çünki, dünyəvi dövlət və demokratik proseslərin tərəfdarı olan insanlar heç vaxt radikal dini kəsimlərlə əlaqədə olmazlar. Radikal dini kəsimin məqsədi Azərbaycanda konstitusion quruluşu dəyişdirməkdən, totalitar rejim və struktur formalaşdırmaqdan ibarətdir. Orada hökmlər məhkəmələr tərəfindən deyil, ayrı-ayrı psixi pozğunluğu olan radikal qruplar tərəfindən verilir"./Publika.az

OXŞAR XƏBƏRLƏR