Fransanı Eurovision Mahnı Müsabiqəsi 2012-də musiqi sahəsində yetəri qədər tanınan bir sima-Anqun (Anggun) təmsil edəcək. AZXEBER.COM-un məlumatına görə, müğənni "eurovision" saytına ekslüziv müsahibəsində bir çox maraqlı məqamlara toxunub.
Fransa vətəndaşı olan Anqun İndoneziyada doğulub. Uşaq ikən səhnəyə gələn müğənni qısa müddətdə İndoneziyada məşhur olub. 20 yaşından Fransaya köçüb. Daha sonra Avropada da tanınıb.
"Mimpi" (1990) mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşüb. 1997-ci ildə işıq üzü görən "Snow on the Sahara" musiqi albomu qısa zamanda məşhur olub. Eurovision 2012-nin favoritləri arasında olan və Bakı səhnəsində Echo (You and I) mahnısı ilə çıxış edəcək Anqunla maraqlı söhbəti diqqətinizə çatdırırıq. -"Eurovision" Mahnı Müsabiqəsi 2012-də çıxış etmək Sizin üçün nə deməkdir?
-Bu yarışma hər bir musiqiçi kimi mənim üçün də böyük əhəmiyyət kəsb edir. Eurovision Mahnı Müsabiqəsi həqiqətən də çox maraqlı layihədir və fikrimcə, bu səhnədə bir çox musiqiçi çıxış etmək arzusunda olur. Bakı səhnəsində uğur qazanmağa çalışacağam. Hər zaman düşünmüşəm ki, bu müsabiqə ifaçının deyil, məhz mahnının qələbəsi və məğlubiyyətidir. Əgər qalib olsam, bu, mahnının qalibiyyəti olacaq. Düşünürəm ki, mahnımla və ifamla Avropanın dəstəyini qazanacağam. -"Eurovision" Mahnı Müsabiqəsi tarixində musiqi sahəsində bir çox tanınmış şəxslərin uğuru, eləcə də uğursuzluğu qeydə alınıb. Siz də musiqi sahəsində tanınan simasınız. Tanınmış bir simaya bu müsabiqədə çıxış etmək hansı uğur gətirə bilər?
-Əslində burada qeyri-adi heç nə yoxdur. Ötən il Böyük Britaniya adından məşhur "Blue" qrupu çıxış edirdi. Digər məşhur müğənni də bu müsabiqədə iştirak arzusunda ola bilər. Qeyd etdiyim kimi, "Eurovision" mənim üçün məhz mahnı yarışmasıdır. Burada əsas ifaçı deyil, ifa olunan mahnı rol oynayır. -Artıq Bakıda "Eurovision 2012"də ifa edəcəyiniz mahnı məlumdur. Bilirik ki, mahnınız ingilis və fransız dilindədir. Niyə məhz belə seçim etdiniz?
-Bilirsiniz ki, Fransa son illər "Eurovision”da ballada və lirik mahnılarla çıxış edib. Mən isə fərqli üslubda mahnıya üstünlük verdim. Bu baxımdan ürəyə daha yaxın bir musiqi olmasını istədim. Elə mahnının iki dildə-həm ingilis, həm də fransızca olmasının səbəbi də bu fikrimi həyata keçirməkdən irəli gəlir. Eyni zamanda Fransanın uzun illərdir müsabiqədə qoyduğu formatdan çıxmaq istədim. -“Odlar Yurdu" Azərbaycandan, paytaxt Bakıdan nələr gözləyirsiniz?Siz Bakıdakı "Eurovision" yarışmasını necə təsəvvür edirsiniz?
-"Eurovision 2012"nin keçiriləcəyi “Bakı Kristal Zalı"n fotolarına baxdım və super bir məkanda çıxış edəcəyimizə çox sevindim. Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri, qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir. Mən İndoneziyada doğulmuşam və müsəlmanam, amma Fransada yaşayıram, bu ölkənin vətəndaşıyam. Belə deyək, Şərqlə Qərblə qarışığıyam. Azərbaycan da Şərqlə Qərbin qovşağı olan ölkədir. Bizi birləşdirən bu cür çox oxşar cəhətlər var. "Eurovision" Mahnı Müsabiqəsinin məhz Azərbaycanda keçirilməsi məni çox sevindirir. Keçən ilki qaliblər-Eldar və Nigarın çalışdığı isveçli prodüserlə mən də işləmişəm və bu da bizi birləşdirən digər bir məqamdır. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki, 10 gündən çox müddətdə Azərbaycanla tanış olmaq imkanım olacaq və bu 10 gün ərzində ölkəni, paytaxt Bakını yaxından tanıyacam. -Uzun illərdir bu sənətdəsiniz. Müğənnilik, daima göz önündə və insanların maraq dairəsində olmaqdan yorulmursunuz?
-Sənətimi çox sevirəm və musiqi ilə yaşayıram. Bu sənətdə olmaqdan daim sevinc hissi duyuram. İşimdə bəyəndiyim, sevdiyim digər məqamlardan biri də ölkələrə səyahət etmək imkanı qazanmaqdır. Ölkələri gəzib, daha yaxından tanımaq imkanımızın olması məni hədsiz məmnun edir. Bir sirrimi də açım, ümumiyyətlə, mən getdiyim ölkələrə səfərlərimi uzunmüddətli edirəm ki, oranı tanımaq imkanı qazanım. Azərbaycanlıların məsləhəti ilə də bu ölkəni gəzmək istəyirəm və sizlərdən kömək istəyəcəm. -Yəqin ki, Eurovision ilə bağlı yetəri qədər məlumatlısınız. Bizə də maraqlıdır ki, bu illər ərzində Sizin yaddaşınıza həkk olunan hansı anlar olub?
-"Eurovision" tarixində mənim üçün ən yaddaqalan və təəccübləndirici anlardan biri Finlandiyanı təmsil edən “Lordi» qrupunun qalibiyyəti oldu. Rok mənim də çox sevdiyim musiqi janrıdır. Adətən Eurovision səhnəsində xarici görünüşcə daha gözəl, yaraşıqlı simalar çıxış edir. Amma qəflətən "Lordi" qrupunun səhnədə görünməsi və hətta qalib olması mənə unudulmaz hiss yaşatdı. Bu, məni çox sevindirdi. Eurovision tarixində maraqlı məqamlar çox olub. Çox zaman müsabiqənin siyasi yarışma olduğunu deyirlər, amma mən bununla razı deyiləm. "Eurovision" Mahnı Müsabiqəsinin üstün cəhətlərindən biri layihədəki ölkələri gəzmək, tanımaq imkanı qazanmaqdır. Eyni zamanda yeni insanlarla tanışlıq çox yaxşı haldır. Mən Azərbaycanı görməyə tələsirəm və ora məmnuniyyətlə gələcəm!