Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovla bağlı yeni iddialar səslənməkdə davam edir.
Məlumata görə, Milli Məclisin 98 üzvü E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermişdi. Bundan başqa 1 nəfər bitərəf qalmış, 1 nəfər isə səs verməmişdi. Onlardan birinin deputat Tahir Kərimli olması məlum olmuşdu. Amma digər deputatın kimliyi ilə bağlı məlumat gizli saxlanılmışdı.
AZXEBER.COM xəbər verir ki, modern.az saytında yayımlanan iddiaya görə həmin bir nəfərin deputat Azər Badamov olduğu və onun "parta yoldaşı”nın əleyhinə səs vermədiyi bildirilib.
Məlumatda o da qeyd olunur ki, A.Badamov parlamentdə E.Səlimovla eyni masa arxasında yanaşı əyləşir və onlar yaxın dost münasibətlərində olublar.
AZXEBER.COM məsələ ilə bağlı millət vəkili Azər Badamovla əlaqə saxlayıb. Azər Badamov bildirib ki, bu məlumat tamamilə qərəzli hazırlanıb: "Kim mənim əleyhimə nəsə bir şey yazırsa, çox nahaq edir. Onlar reallığa söykənib yazılar yazmırlar, obyektiv olmaq lazımdır”.
Deputat iddialara konkret cavab verməyəcəyini də deyib: "Səsvermənin stenoqramı var. Mənə belə suallar verməyin”.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Aydın Nuri