Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi son müşavirədə məmurları ittiham etməsi ölkədə sensasiyaya səbəb olub.
Bəzi icra başçılarını sahibkarların fəaliyyətinə müdaxilədə günahlandıran ölkə rəhbəri onları rayonlarda insanların hüquqularını pozmaqda da günahlandırıb. Moderator.az-ın əməkdaşı bəzi rayonların icra başçıları ilə əlaqə saxlayıb, onlardan ölkə başçısının dedikləri barədə fikirlərini öyrənib.
Prezident İlham Əliyevin çıxışını yüksək dəyərləndirən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, ölkə rəhbərinin dediklərindən artıq hər kəs dərs almalıdır: “Cənab Prezident mənim ürəyimdən keçənləri dedi. Artıq hər kəs nəticə çıxaracaq. Bizi bu vəzifəyə təyin edən prezidentimiz tapşırıb ki, yerlərdə onun siyasətini həyata keçirək. Kim bu siyasətə qarşı çıxırsa o, xəyanətkardır. Bu gün elə məmurlar var ki, uşaqları hətta qanunsuz silah gəzdirirlər. Belələrinə cənab prezident bir dərs verdi”.
Əhəd Abıyev Daşkəsən rayonunda heç bir narazılıq hallarının olmadığını da dedi: “Daşkəsənlilərlə əl-ələ verib, “Yeni Daşkəsən” layihəsini işləyirik. Bununla bağlı təşəbbüsü cənab prezident də dəstəkləyib. Cənab prezidentin xeyir-duası ilə başlanan hər bir layihə uğurla həyata keçirilir. Bu çıxışdan sonra bəzi dövlət qurumlarında müraciətlərə də laqeyidlik aradan qalxacaq”.