"Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”.
AZXEBER.COM-un məlumatına görə, bunu bu gün Azərbaycan Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Baş nazirin müavini bildirib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: "Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”.
Əli Əhmədov deyib ki, münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri tərəfindən belə bəyanatların səsləndirilməsi onların öz öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmamaları anlamına gətirib çıxarır: "Bu qurumun kifayət qədər səylər göstərdiyini də qeyd etmək istəyirəm, amma səsləndirilən bu cür bəyanatlar Minsk qrupunun fəaliyyət əmsalının üzərinə istər-istəməz kölgə salır”.