Əli Əmirli
Mənzər
Niyarlının nəsri məni saf dili, süjet xəttində baş verən hadisələrin adiliyi,
oxucunu təəccübləndirmək və ya heyran etmək istəyindən uzaqlığı, nəhayət, təbiiliyi ilə cəlb edir. Lap ilk hekayələrindən
başlayaraq bu günümüzədək sadaladığım xüsusiyyətlər Mənzər xanımın
yaradıcılığının aparıcı xəttidir. Yazmağa başladığı ilk illərdə də belə idi, əlli il keçəndən sonra da belədir,
amma bu o demək deyil ki, Mənzər xanımın
yaradıcılığı yerindəcə sayır, yeni
keyfiyyətlər qazanıb inkişaf etmir. Bu qətiyyən belə deyil. Elə yazıçının oxuculara
təqdim etdiyi "Vətəndən Vətənə" romanı özünün mürəkkəb
strukturu, dramatik taleli personajların çoxluğu, müəllif təhkiyyəsinin
təlqin etdiyi polifonik hisslərin bolluğu, tez-tez dəyişən, bəzən də oxucunu
çaşdıran hər zamanın özünəməxsus ovqatı və müxtəlif məkanların dəqiq təsviri,
personajların dialoqlarında özünü qədərində göstərən dialekt və şivə şirinliyi, dərin məzmunlu,
ictimai çəkili həyat hadisələrinin
ustalıqla təqdim edilməsi, şübhəsiz yazıçı qələminin ildən-ilə cilalanmasının,
yüksələn xətt üzrə inkişaf etməsinin göstəricisidir.
Mənzər xanımın yaradıcılığının daha bir müsbət xüsusiyyəti onun bütün əsərlərinə xas olan yüksək dozalı yazıçı səmimiyyətidir. Onun yazıçı məni bütün əsərlərində iştirak edir, heç vaxt da oxucunu aldatmır, necə var elə də görünür: sadə, həssas, müdrik, mehriban və mərhəmətli. Bütün bu saydıqlarım Mənzər xanımın hələ ki sonuncu olan əsərində - "Vətəndən vətənə" romanında özünü bütün tərəfləri ilə parlaq şəkildə göstərir.
"Vətəndən Vətənə" taleyin
Araz vasitəsilə ikiyə böldüyü iki vətən
haqqındadır, şərti desək iki Azərbaycan arasında qalmış böyük bir ailənin mürəkkəb peripetiyalarla zəngin
iztirablı taleyi haqqındadır.
Uzun illərdən sonra birinci vətəninə - Cənubi Azərbaycana, ata-ana
yurduna qayıtmaq imkanı qazanan Həlimənin doğma yurda səyahət "macəraları"
romanın əsas süjet xəttini təşkil edir. Uzun illərin içdə, ürəkdə, xəyalda
yığılıb qalmış vətən sevgisi, torpaq nisgili, qohum-əqraba xiffəti, vətən həsrəti,
bu dünyaya əlvida demiş yaxınların,
simsarların həsrət yükü ilə yüklənmiş qəhrəmanımız yola düzəlir. Bu ağır səyahətə
tək-tənha yola düşən qadına əlli-altmış ilin başıbəlalı xatirələri, yaddaşı və yaddaş
ağrısı yoldaşlıq edir. Nəticədə onu nələrin
gözlədiyini, hansı biganəliklərlə qarşılaşacağını, hansı xəyal qırıqlığına
uğrayacağını bilmədən yolun ucundan tutub təkbaşına vətənin görüşünə gedir.
Amma vətən konkret bir şey deyil, bu mücərrəd anlayışı xırdalayanda vətənin bir məkandan, isti, doğma yuvadan, qohum-əqrabadan, ayrı-ayrı adamlardan, nələrdən və nələrdən ibarət olduğu
meydana çıxır. Bəlkə də Vətən anlamını heç konkret nələrə isə, lap elə bir az əvvəl
sadaladığım vahidlərə bölmək, ayırmaq lazım deyil, çünki çox vaxt xəyal qırıqlığı,
təəssüf hissi qaçılmaz olur. Necə ki , Mənzər
xanımın özünün prototipi olduğu qəhrəmanı Həlimə belə bir "təhlükə"
ilə üzləşəcəyini təxmin edir: "Ata yurduma getmək, yaxınlarımı,
doğmalarımı, ən çoxu da bibimi görmək arzusu həmişə ürəyimi titrədib. Bilirəm, ayrılıq
illərinin məsafəsi o qədər böyükdür ki, nənəm, mənim ipək nənəm indiyə qalmaz, əmilərim
də həmçinin".
Həlimə yanılmayıb, altmış yaşını
çoxdan keçib yaşa dolmuş qəhrəmanımız həsrətində olduğu qohumlarından yalnız tamam
qocalıb əldən düşmüş sevimli bibisi ilə görüşə bilir. Uzun illər həsrətində
olduğu bibi ilə görüş baş tutsa da,
keçmiş hissləri dərinliyinə kimi yenidən
yaşamaq, xatirələrdə kök salmış duyğuları yenidən canlandırmaq mümkünsüz. Bəlkə
elə ona görədir ki, "hər bir vüsalın
sonunda bir məyyusluq hissi var" deyənlər yanılmırlar.
Roman ilk mənada, həqiqətən, iki vətən arasında qalmış böyük bir ailənin dramatik taleyi, sağ qalmaq və yaşamaq uğrunda çabaları, qəm-kədər-intizar və iztirabları üstündə köklənib, amma bir ailəninmi? Əslində bu bütöv bir xalqın, millətin taleyidir. Özünü qüdrət sahibi bilənlərin iki yerə böldüyü Vətənimizin taleyidir. Bu ayrılığın yaratdığı ağrı hissini belə bizə unutdurmağa çalışdılar, amma qövr eləyən dərdin üstünü nə qədər pərdələsən də, o sağalmayacaq. Necə ki ikiyə bölünmüş vətən dərdi bu gün də aktuallığını saxlayır, sadəcə bu dərdin üstündən romantika pərdəsi çoxdan sürüşüb düşmüş, şirin dərdlə süslənmiş poeziyanın yerini dünyanın real, acı mənzərəsi tutmuşdur. Nə qədər ki reallıq budur, biz o reallığa uyğun davranmalı olacaq, "Vətəndən vətənə" romanının qəhrəmanı kimi hərəkət edəcəyik: "Doğulduğum yurd yerindən ancaq bir ovuc torpaq götürə bildim. Bu torpağı qoruya-qoruya vətənimdən vətənimə aparacaqdım."