Əli Hüseynli İntiqam Əliyevin söylədiklərini 'absurd' adlandırdı

İQTİSADİYYAT
17:05 16.07.2013
2043

“Azərbaycanda məcburi köçkünlərin vətəndaşların mülkiyyətində olan mənzillərində yaşaması problemi hələ də qalır. Bununla bağlı məhkəmə praktikaları da mövcuddur. Lakin dövlət həmin məcburi köçkünləri mənzillərdən çıxararkən onların da hüquqlarını qorumalıdır”. 

Femida.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Hüquqçular Assosiasiyası (AHA) və “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin keçirdiyi “Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər” mövzusunda dəyirmi masada hüquqşünas İntiqam Əliyev deyib. İntiqam Əliyev bildirib ki, mənzillərdən çıxarılarkən məcburi köçkünlərin hüquqlarını pozmaq olmaz: ”Onları birdən-birə məsələn, İmişli, yaxud Biləsuvarda yerləşən məcburi köçkünlərin məskunlaşdığı əraziyə köçürmək də olmaz. Çünki həmin məcburi köçkünlərin uşaqları yaxınlıqdakı məktəbdə oxuyur, özlərinin sosial məsələlərini burada qurublar. Onlar yaşadığı mühitə yaxın, ona uyğun mühitə köçürülməlidir. Başqalarının mənzillərində məskunlaşan məcburi köçkünləri birdən-birə çıxarmaq da olmaz, məhz bunun üçün müvafiq Dövlət Proqramının olması vacibdir”.

Tədbirdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə İntiqam Əliyevə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi saytına baxmağı məsləhət görüb: “Başqalarının mənzillərində yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müvafiq Dövlət Proqramı Komitənin saytında var. Burada konkret olaraq göstərilib ki, hansı zaman çərçivəsində məsələn, hansı yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək. Bu gün hökumət müvafiq məhkəmə qərarlarını – hansı ki, həmin qərarlara əsasən məcburi köçkünlər başqalarının mülkiyyətində olan mənzillərdən çıxarılmalıdır – icra edə bilməsə də, artıq Azərbaycan dövlətin ilə Avropa İnsan Haqları Məhkəməsi arasında müəyyən anlaşma var. Çünki, artıq dediyim kimi, müvafiq Dövlət Proqramı var. Sizin “onlar mühitə yaxın, ona uyğun mühitə köçürülməlidir” fikrinin məcburi köçkünlərə tətbiq olunması isə absurddur. Belə çıxır ki, əgər məcburi köçkünlər bunu ciddi qəbul etsələr, Azərbaycan dövlətindən və bu işi həyata keçirən Dövlət Komitəsindən Bakı şəhərinin bir çox mərkəzi yerlərində özlərinin mənzillə təmin olunmasını tələb edə bilərlər. Amma hüququ bu qədər geniş şərh etməməliyik. Çünki haqqında danışılan məcburi köçkünlər başqalarının mənzillərinə yerləşiblər və onların həmin mənzillərə heç bir mülkiyyət hüququ yoxdur. Hətta köçürüldükləri, yaxud köçürüləcəkləri İmişli rayonuna, Qobu qəsəbəsinə yenə də müvəqqəti köçürülüblər və yenə də onların mülkiyyət hüququ tanınmır. Çünki əsas məqsəd onların tarixi torpaqlarına – Dağlıq Qarabağ və ətraf rayonlardakı evlərinə qaytarılmasıdır. Onlar istənilən halda mülkiyyət hüququnun qorunması ilə bağlı siz vəkillərə müraciət etmək hüququ, şansı olmayacaq”.

OXŞAR XƏBƏRLƏR