"Əli İnsanov Azərbaycanın siyasi tarixinə korrupsioner, xalqa yuxarıdan aşağı baxan və öz siyasi komandasına dönüklüyü ilə yadda qalan bir şəxs kimi düşüb”.
AZXEBER.COM xəbər verir ki, bunu "Sherg.az”a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Gənc fəal bildirib ki, cənab Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Əli İnsanov əvvəlki eyforiyasından kənara çıxa bilməyib:
"Səhiyyə sisteminin başında olduğu zaman yüzlərlə insanı bədbəxt edib. Korrupsiya fəaliyyəti ilə dövlətimizə böyük zərbə vurub. İndi həmin şəxs "liderliyə”, Azərbaycan xalqını yaşadacağına iddia edir. Jurnalistləri ən ağır formada təhqirlərə məruz qoyan bir şəxs bugün demokratik dəyərlərdən, birlikdən dəm vurur. Azərbaycan xalqı heç bir zaman Əli İnsanov kimi dönük və miskin insanların ətrafında birləşə bilməz. Çünki o, artıq siyasi riyakarlığın nümunəsidir. Vaxtı ilə müxalifəti ağır formada təhqir edən bir adamın indi həmin qüvvələrin yanında yer almasını insanlar heç vaxt ciddi və səmimi qəbul edə bilməz. Onun çıxışlarının hamısı boş və populist bəyanatlardır. Ümidləri isə məhvə məhkumdur. Ermənilərlə bağlı səsləndirdiyi fikirlər də miskin xarakterini ortaya qoyur”.
F.Şahbazlının sözlərinə görə, Azərbaycanda olduqca mükəmməl dövlət idarəçilik sistemi mövcuddur: "Xalqımız birmənalı olaraq cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Əli İnsanov və bu qəbildən olan insanların açıqlamaları sadəcə gündəmdə qalmaq məqsədi güdür”.