Azərbaycanda irili-xırdalı onlarla müxalifət partiyası var. Bəzilərinin bir neçə yüz tərəfdarı olsa da, əksəriyyəti yalnız sədrdən və ya ən yaxşı halda, onun yaxın qohum-əqrəbasından ibarətdir. Rəhbərlərinin həddən artıq ambisiyalı olması səbəbindən, bu "partiyalar” həmişə bir-birinə rəqib gözü ilə baxıb. Onların əsas mübarizəsi də hakimiyyət uğrunda deyil, müxalifətdaxili birincilik uğrunda olub. Ona görə də 90-cı illərdən bəri yaradılan birləşmələrin heç biri davamlı olmayıb, hamısı bir müddət sonra dağılıb.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov dünən yazdığı statusda müxalifətdaxili münasibətləri obrazlı şəkildə belə ifadə edib: "25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən "birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında "bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar”.
Sirr deyil ki, müxalif düşərgənin ən "mehriban düşmənləri” Müsavat və AXCP-dir. 2000-ci illərin əvvəllərində Müsavat daha öndə idi. Amma İsa Qəmbər partiya rəhbərliyindən getdikdən və Arif Hacılı başqan seçildikdən sonra burada "yarpaq tökümü” başladı. İsveçrədə yaşayan sabiq müsavatçı, jurnalist Elbəyi Həsənli bu haqda yazıb: "Müsavat Partiyasında lider dəyişikliyinin hansı nəticələr doğurduğu ortadadır. Uzun müddət Azərbaycan müxalifətinin ən güclü partiyası olan Müsavat hazırda yox kimidir. Getdikcə də itirə-itirə gedir...”
Müsavatın zəifləməsindən istifadə edən Əli Kərimli partiyanı nəzarətə götürmək üçün ciddi fəaliyyətə başlayıb, oradakı bəzi funksionerləri öz tərəfinə çəkə bilib. Müsavatın Divan üzvü seçilmiş Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra Əli Kərimlinin ətrafında daha çox görünür, nəinki öz partiyasında. Bu yaxınlarda "saxta arayış biznesi” üstündə qızışan qalmaqal Müsavatı bir qədər də zəiflətdi, az-çox tanınan bir neçə funksionerin də AXCP-yə meyillənməsinə səbəb oldu. Əlaltıları vasitəsilə müsavatdaxili intriqaları daha da kəskinləşdirən Əli Kərimli mövqeləri zəifləmiş Arif Hacılını tamamilə öz iradəsinə tabe etdirmək üçün addımlar atır. Sosial şəbəkələrdə yayılan məlumata görə, israrla Müsavatın 23 fevral mitinqinə dəstək verməsini tələb edir. A.Hacılı da qalıb odla su arasında: bir tərəfdən Əli Kərimli, digər tərəfdən də partiyalarının AXCP və Milli Şuranın əlaltısına, "ikinci sort” quruma çevrilməsini istəməyən müsavatçılar.
Görək nə ilə nəticələnəcək?