Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
İlham Əliyev görüş zamanı Dağlıq Qarabağın status-kvosu barədə, işğal edilmiş torpaqların işğaldan azad edilməsi, eləcə də danışıqlar prosesinin gücləndirilməsi barədə fikirlərini səsləndirib: “Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvo məsələsini aradan qaldırmaq lazımdır. Lakin bunun üçün erməni qoşunlarını regiondan çıxarmaq vacibdir”.
“Münaqişə uzandı. Rusiya və digər Minsk qrupu həmsədrlərinin bildirdiyi kimi status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik”, - deyə İlham Əliyev Putinlə görüşü zamanı bildirib.
“Lakin status-kvonun dəyişməsi üçün 20 ildən çoxdur ki işğal altında olan Azərbaycan ərazilərini işğaldan azad etmək lazımdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyev həmçinin bildirib ki, Putinlə söhbətində Dağlıq Qarabağ mövzusunu ətraflı müzakirə etmək niyyətindədir: “Ümidimiz var ki, son 2 ildə demək olar ki, aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik”.
Eyni zamanda Azərbaycan Prezidenti RF, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü təşəbbüsünə görə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı konstruktiv rola görə rusiyalı həmkarına təşəkkürünü bildirib.
///AzNews.az